Londonda yerləşən analitik mərkəz OMFIF-in (Rəsmi Monetar və Maliyyə Qurumları Forumu) dərc etdiyi dövlət investorları sorğusunun nəticələrinə görə, ABŞ valyutası ilə bağlı siyasi risklərin artması fonunda ilk dəfə dollar ehtiyatlarının azaldılmasına yönəlmiş aydın tendensiya qeydə alınıb.
Tədqiqatda ümumilikdə təxminən 10 trilyon dollarlıq aktivləri idarə edən 90 mərkəzi bank, dövlət pensiya fondu və suveren fond iştirak edib.
Əldə olunan məlumatlar dolların əsas ehtiyat valyutası statusu ilə bağlı qlobal müzakirələrlə üst-üstə düşür. Mübahisələr ABŞ-nin siyasi kursu ilə bağlı qeyri-müəyyənlik və artan geosiyasi risklərlə daha da güclənir.
Çoxqütblülüyə keçid və alternativ axtarışı
Müzakirələrə baxmayaraq, dollara hələlik aydın alternativ yoxdur. Bu il ABŞ valyutası ölkədə yüksək faiz dərəcələri, Amerika aktivlərinə tələbat və ABŞ ilə İran arasında hərbi münaqişənin yaratdığı təhlükəsiz aktivlərə yönəlmə fonunda 3% möhkəmlənib.
Bununla belə, mərkəzi bankların 79%-i və dövlət fondlarının 60%-i hesab edir ki, qlobal valyuta sistemi çoxqütblü dünyaya doğru irəliləyir.
Ən böyük səkkiz valyutadan kənarda olan pul vahidləri ehtiyatların strukturunda tədricən mövqelərini gücləndirir. Mərkəzi banklar Norveç kronu və Yeni Zelandiya dollarının payını artırır, həmçinin Britaniya funt sterlinqinə maraq göstərirlər.
Respondentlər avro və Çin yuanına yatırımları artırmaq planlarını saxlayırlar, lakin qeyd edirlər ki, hər iki valyutanın mövqeləri struktur problemlərlə məhdudlaşır. Bununla belə, sorğu iştirakçılarının demək olar ki, hamısı yuanı portfelin şaxələndirilməsi üçün effektiv alət adlandırıb.
Qızıl strategiyanın mərkəzindədir
Tarixi maksimumlarını mütəmadi yeniləyən qızıl hazırda mərkəzi bankların 82%-nin balansında yer alır. Hesabata görə, bu qiymətli metal “ehtiyatların idarə olunması strategiyalarının mərkəzinə keçib”.
Qısamüddətli perspektivdə mərkəzi banklar ən fəal şəkildə məhz qızıl üzrə mövqelərini artırmağı planlaşdırırlar: xalis əsasda respondentlərin 30%-i yaxın 1-2 il ərzində onun payını artırmaq niyyətindədir.
Dövlət fondları arasında ən çox tələb real aktivlərə — infrastruktura və daşınmaz əmlaka yönəlib. Belə investorların təxminən 60%-i növbəti iki il ərzində onların payını artırmağı planlaşdırır.
Sorğu inkişaf etməkdə olan bazarlara münasibətin də dəyişdiyini göstərib. İnkişaf etməkdə olan iqtisadiyyatlara yatırımları artırmağı planlaşdıran qlobal dövlət fondlarının payı ötən ilki 27%-dən 38%-ə yüksəlib.
İnkişaf etməkdə olan bazarlara maraq inkişaf etmiş ölkələrin aktivlərinə tələbi üstələyib. İnkişaf etmiş bazarlarda payı artırmağı planlaşdıranların göstəricisi 25%-ə düşüb, halbuki bir il əvvəl bu rəqəm 47% idi. Ən cəlbedici bazarlar isə ABŞ və Çin olaraq qalır ki, bu da qismən onların süni intellekt sahəsində liderliyi ilə bağlıdır.
Yeni istiqamətlər
Bazar iştirakçıları getdikcə daha çox bazar volatilliyini daimi hal kimi nəzərdən keçirir və onunla işləmək üçün yeni yanaşmaları, o cümlədən süni intellekt texnologiyalarından istifadəni sınaqdan keçirirlər.
“Dövlət investorlarının sadəcə vəziyyətin normallaşmasını gözləyə biləcəyi barədə köhnəlmiş ehtimal getdikcə daha qeyri-real görünür”, — deyə OMFIF-in baş iqtisadçısı Yara Əziz hesabatda qeyd edib.
Mərkəzi bankların 66%-dən çoxu yaxın perspektivdə süni intellektin inteqrasiyasını genişləndirməyi planlaşdırır. Bununla belə, inkişaf etmiş ölkələrin heç bir mərkəzi bankı və ümumilikdə tənzimləyicilərin yalnız 9%-i texnologiyadan hazırkı istifadə səviyyəsindən razı olduğunu bildirib.
Hazırda banklar süni intellektdən əsasən məlumatların təhlili və arxa ofis əməliyyatlarının dəstəklənməsi üçün istifadə edirlər. Lakin ciddi fərq müşahidə olunur: inkişaf etmiş iqtisadiyyatlarda mərkəzi bankların 89%-dən çoxu bu texnologiyalardan istifadə etdiyi halda, inkişaf etməkdə olan bazarlarda bu göstərici cəmi 44%-dir.







