“MJ Financial Services” 2 milyonluq 16% dərəcə ilə borc cəlb edir

“MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” ASC qiymətli kağızlar bazarına 2 milyon manat həcmində yeni istiqraz buraxır.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının 7 may 2026-cı il tarixli qərarına əsasən, hər birinin nominal dəyəri 100 manat olan ümumilikdə 20 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz və adlı istiqraz buraxılacaq. Emissiyanın ümumi həcmi 2 milyon manat təşkil edir.

İstiqrazların illik gəlirliliyi 16%, tədavül müddəti isə ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 18 ay müəyyən edilib. Kupon ödənişləri hər üç aydan bir həyata keçiriləcək və hər istiqraz üzrə rüblük gəlir 4 manat olacaq.

Bakı Fond Birjasında baş tutacaq emissiyanın anderrayteri “Troni İnvestisiya Şirkəti” ASC-dir.

Şirkətin açıqlamasına görə, istiqraz buraxılışının əsas məqsədi kredit məhsullarına artan tələbat fonunda alternativ maliyyə resurslarının cəlb edilməsidir. Cəlb olunacaq vəsaitlərin kredit portfelinin genişləndirilməsinə, əhali və sahibkarların maliyyələşdirilməsinə, eləcə də yeni investisiya layihələrinin reallaşdırılmasına yönəldilməsi planlaşdırılır.

Audit edilmiş maliyyə hesabatlarına əsasən, “MJ Financial Services” BOKT-un cəmi aktivləri 2025-ci ilin sonuna 21.97 milyon manata, cəmi kapitalı isə 13.33 milyon manata yüksəlib. Şirkətin xalis kredit portfeli son iki ildə 12.7 milyon manatdan 18.1 milyon manata qədər artıb, xalis faiz gəlirləri isə 9.0 milyon manat təşkil edib.

Xatırladaq ki, 2019-cu ildə fəaliyyətə başlayan “MJ Financial Services” BOKT 2023-cü ildən açıq səhmdar cəmiyyəti kimi fəaliyyət göstərir. Şirkət istehlak və biznes kreditləri, faktorinq, lizinq, qarantiyaların verilməsi və sığorta agenti xidmətləri göstərir. Nizamnamə kapitalında Camal Aydınov 70%, Mədəd Rüstəmov isə 30% paya malikdir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər