ABŞ Prezidenti Donald Tramp 30 iyun tarixində təqdim etdiyi məcburi illik maliyyə hesabatına əsasən, 2025-ci ildə kriptovalyuta layihələrindən təxminən 1,2 milyard dollar gəlir əldə edib.
Trampın təqdim etdiyi bəyannamə 927 səhifədən ibarətdir. “AP News”un dəqiqləşdirdiyinə görə, sənəddə xalis mənfəət deyil, yalnız gəlirlər göstərilib. Buna görə də prezidentin ümumilikdə nə qədər qazandığını müəyyən etmək mümkün deyil.
Bildirilir ki, Tramp yeni kriptovalyuta məhsullarının satışı ilə məşğul olan “World Liberty Financial” şirkətindən 500 milyon dollardan çox gəlir əldə edib. Onunla əlaqəli digər şirkət – “CIC Digital LLC” – Trampın təsviri olan virtual “mem” tokenlərinin satışından 600 milyon dollardan çox gəlir qazanıb.
İkinci mühüm gəlir mənbəyi daşınmaz əmlak olub. 2025-ci ildə BƏƏ-dəki daşınmaz əmlak layihələri Trampın biznesinə 10,4 milyon dollar qazandırıb. Tramp ailəsinə yaxın olan bir tikinti şirkətinin Səudiyyə Ərəbistanında həyata keçirdiyi layihə isə 9 milyon dollar gəlir gətirib.
Bundan əlavə, Rumıniya və Qətərdəki iki obyektin hər biri 5 milyon dollar gəlir təmin edib. Nəhayət, Mar-a-Laqo malikanəsindən əldə olunan gəlir 77 milyon dollar təşkil edib ki, bu da Trampın prezident olmadığı 2024-cü illə müqayisədə 50% çoxdur.
“Forbes” jurnalının qiymətləndirməsinə görə, Donald Trampın sərvəti hazırda 6 milyard dollar təşkil edir ki, bu da 2024-cü illə müqayisədə 2,3 milyard dollar çoxdur.







