Almaniya hökuməti 2,3 milyard kubmetr həcmində strateji təbii qaz ehtiyatının yaradılması üçün 1,5 milyard avro ayırmağı planlaşdırır. Bu barədə Reuters agentliyi mənbəyə istinadən xəbər verir.
Ehtiyat ölkənin enerji infrastrukturuna qarşı diversiya və ya qlobal bazarda kəskin qaz qıtlığı kimi fövqəladə hallarda enerji təchizatını təmin etməyə kömək etməlidir. Planın hazırlanması ilə İqtisadiyyat Nazirliyi məşğuldur. Agentliyin məlumatına görə, layihə avqustun ortalarınadək təsdiqlənə bilər.
Belə ehtiyatların həcmi təxminən 2,3 milyard kubmetr olacaq ki, bu da ölkədə mövcud olan bütün yeraltı qaz anbarlarının ümumi tutumunun təxminən 10%-nə bərabərdir. Qiymətləndirmələrə əsasən, ehtiyatın yaradılması, qazın alınması və 2027–2028-ci illər ərzində anbarlara vurulması 1,2–1,5 milyard avroya başa gələcək. Ehtiyatın saxlanılması üçün illik xərclərin isə 150–180 milyon avro təşkil edəcəyi gözlənilir.







