ABŞ-nin “Apple Inc.” şirkəti “Broadcom” ilə imzaladığı yeni uzunmüddətli müqavilə çərçivəsində ABŞ istehsalı olan çiplərə 30 milyard dollardan çox vəsait xərcləməyi planlaşdırır. Bu barədə iPhone istehsalçısının press-relizində bildirilir.
Bu, “Apple”ın ötən il ABŞ iqtisadiyyatına dörd il ərzində 600 milyard dollar investisiya yatırmaq öhdəliyi çərçivəsində indiyədək açıqladığı ən böyük sərmayədir. Layihə ABŞ-də 15 milyarddan çox çipin istehsalına və yüzlərlə yeni iş yerinin yaradılmasına imkan verəcək.
“Apple ABŞ administrasiyası və ölkənin müəssisələri ilə birlikdə Amerikada tamhüquqlu yarımkeçirici təchizat zəncirinin formalaşdırılması istiqamətində çalışır və bugünkü elan bu səyləri daha da irəli aparır”, – deyə şirkətin açıqlamasında bildirilir.
ABŞ Prezidenti Donald Tramp ötən il ABŞ-dən kənarda istehsal olunan və ölkədə satılan iPhone modellərinə “ən azı 25%” idxal rüsumu tətbiq edilə biləcəyini bildirmişdi.
Yeni razılaşma çərçivəsində “Broadcom” Kolorado ştatının Fort Kollinz şəhərindəki istehsal müəssisələrinin genişləndirilməsi və modernləşdirilməsinə 1,5 milyard dollar investisiya yatıracaq. Burada müasir radioelektron komponentlər və simsiz rabitə texnologiyaları istehsal olunacaq.
“Broadcom” bazar ertəsi “Apple” ilə texnoloji əməkdaşlığın 2031-ci ilədək uzadıldığını açıqlayıb. Şirkət bu müddətdə “Apple” məhsullarının bir neçə nəsli üçün xüsusi hazırlanmış çiplər hazırlayıb tədarük edəcək.
Bildirilir ki, söhbət süni intellekt tapşırıqlarının emalı üçün getdikcə daha çox tələb olunan xüsusi təyinatlı inteqral sxemlərdən (ASIC) gedir. Müqavilənin maliyyə detalları açıqlanmayıb.
“Bloomberg” daha əvvəl xəbər vermişdi ki, “Apple” xüsusi süni intellekt serverləri üzərində işləyir və onları 2027-ci ildə istifadəyə verməyi planlaşdırır. Həmin serverlər üçün çipləri isə “Broadcom” hazırlayır.
Xatırladaq ki, “Apple” 2027-ci ilin ortalarınadək ən azı beş yeni iPhone modelini təqdim etməyi planlaşdırır. Bundan əlavə, şirkətin yaddaş çiplərinin bahalaşması fonunda məhsullarının qiymətlərini artıracağı və Mac mini kompüterlərinin istehsalının bir hissəsini Asiyadan ABŞ-yə köçürəcəyi də bildirilmişdi.







