Yeddi ən böyük texnologiya şirkətini birləşdirən “Möhtəşəm yeddilik” indeksi 2026-cı ilin birinci yarısında 1,9% ucuzlaşıb. Halbuki eyni dövrdə S&P 500 indeksi 9,3% artıb. 11 faiz bəndindən çox fərq bu qrupun geniş bazara nisbətdə müşahidələr tarixində ilin əvvəlindən göstərdiyi ikinci ən zəif nəticə olub. Yarım ilin yekunlarına görə, “Möhtəşəm yeddilik” S&P 500-ün tərkibindəki 300 şirkətdən daha zəif performans göstərib.
Bu, Uoll-strit strateqləri üçün ciddi problem yaradır. Proqnozlar hazırlanarkən onlar məhz bu qrupun — S&P 500-ün ümumi bazar kapitalizasiyasının təxminən üçdəbirini təşkil edən şirkətlərin — indeksi ilin sonuna qədər orta hədəf səviyyəsi olan 7824 bəndə daşıyacağını gözləyirdilər. Bu isə cari səviyyələrlə müqayisədə 4,5% artım deməkdir. Əgər böyük texnologiya şirkətlərində durğunluq davam edərsə, indeksin qalan şirkətləri ilin əvvəlindən artıq əldə etdikləri 13%-lik artıma əlavə olaraq daha 6,8% bahalaşmalıdır ki, bazar həmin hədəfə çata bilsin.
Hamilton Capital Partners-in baş investisiya direktoru Alonso Munyos bildirib: “Hazırkı səviyyələrdən S&P 500-ün ‘Möhtəşəm yeddilik’in iştirakı olmadan yüksəlişi davam etdirməsi çətin olacaq. Xüsusilə ona görə ki, artıq ciddi bahalaşmış bir çox sektor, məsələn, energetika da korreksiya ilə üzləşə bilər”.
Son onilliyin böyük hissəsi ərzində “Möhtəşəm yeddilik” investorların əsas favoriti olaraq qalırdı. İndi isə liderlik rolu mikrosxem istehsalçılarına keçib: Philadelphia Stock Exchange Semiconductor indeksi ilin əvvəlindən 78% artdığı halda, “Möhtəşəm yeddilik” indeksi cəmi 0,5% yüksəlib.
Bu investor üçün nə deməkdir?
Son iki həftə ərzində Morgan Stanley, Goldman Sachs və JPMorgan analitikləri bildiriblər ki, “Möhtəşəm yeddilik”in həm mikrosxem istehsalçılarından, həm də geniş bazardan geri qalması artıq həddindən artıq böyükdür. Morgan Stanley Wealth Management-in investisiya direktoru Liza Şalett hesab edir ki, hazırda bu qrupun səhmlərinə yenidən diqqət yetirməyin vaxtıdır: yarımkeçirici istehsalçılarının səhmləri isə “əhəmiyyətli dərəcədə həddən artıq alınmış” görünür.
Satış dalğası böyük texnologiya şirkətlərinin qiymətləndirilməsini xeyli cəlbedici edib. “Möhtəşəm yeddilik” üzrə forvard P/E əmsalı oktyabrın sonundakı 32,6 səviyyəsindən 23,9-a düşüb. Ötən ay bu qrupun S&P 500-ə nisbətdə qiymətləndirmə primi cəmi 2,4 bənd təşkil edib ki, bu da demək olar, tarixi minimumdur.
Goldman Sachs-ın tərəfdaşı Riç Privorotski də hazırkı vəziyyəti fürsət kimi qiymətləndirir. O, bütövlükdə süni intellektə münasibətdə yüksək optimizmini qoruyur, lakin bazarın hazırda dəyər zəncirinin doğru halqalarına stavka etdiyinə “xeyli az əmindir”. Onun fikrincə, hesablama gücü çatışmazlığı aradan qalxdıqda süni intellekt platformalarının sahibləri avadanlıq istehsalçılarından daha əlverişli mövqedə olacaqlar.







