Cənubi Afrika Respublikasının Mineral Resurslar və Energetika Nazirliyi ölkənin 60 günlük istehlakını təmin edəcək strateji neft ehtiyatlarının yaradılmasını təklif edib. İctimai müzakirəyə çıxarılan sənəd layihəsinə əsasən, ehtiyatların təxminən üçdə ikisi xam neftdən, qalan hissəsi isə neft məhsullarından ibarət olacaq.
ABŞ Energetika Nazirliyinin qiymətləndirməsinə görə, CAR-da gündəlik neft tələbatı 600 min barel təşkil edir. Bu göstərici əsasında strateji ehtiyatların ümumi həcmi təxminən 36 milyon barel olacaq. Plana əsasən, lisenziyalı topdansatış satıcıları və idxalçılar da 21 günlük istehlak həcmində ehtiyat saxlamağa borclu olacaqlar.
CAR sonuncu dəfə strateji neft ehtiyatlarını 1970-ci illərdə, BMT-nin aparteid siyasətinə görə ölkəyə sanksiyalar tətbiq etdiyi dövrdə artırmışdı. Həmin vaxt Atlantik okeanı sahilində yerləşən Saldanya körfəzində 45 milyon barel tutumlu neft anbarı tikilmişdi.
ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda neft tədarükü ilə bağlı risklərin artması və qiymətlərin yüksəlməsi bu obyektin yenidən ilkin təyinatı üzrə — mümkün tədarük fasilələri zamanı strateji ehtiyat bazası kimi istifadə olunmasına səbəb olub.
1994-cü ildə keçirilən ilk demokratik seçkilərdən sonrakı üç onillik ərzində CAR hökuməti strateji neft ehtiyatlarını tədricən azaldıb. Bu çərçivədə 2015-ci ildə, neft qiymətlərinin səkkiz ilin minimumuna endiyi vaxt 10 milyon barel neft satılıb. Sonradan bu əməliyyat məhkəmə tərəfindən qanunsuz hesab edilib.
Ölkə son illərdə yanacaq idxalından daha çox asılı vəziyyətə düşüb. Bunun səbəblərindən biri də 2027-ci ilin iyulundan qüvvəyə minəcək yeni kükürd tərkibi standartları ilə əlaqədar köhnə neft emalı zavodlarının modernləşdirilməsinin yüksək xərc tələb etməsi və nəticədə emal güclərinin təxminən yarısının fəaliyyətini dayandırmasıdır.
Ötən il CAR parlamenti ölkənin strateji neft ehtiyatlarının kifayət etmədiyi qənaətinə gəlib. Mart ayına olan məlumata görə, ehtiyatların həcmi 8 milyon barel təşkil edib. Hazırda ehtiyatların tamamlanması üçün ölkəyə əlavə 10 milyon barel neft lazımdır.
Hökumətin hesablamalarına görə, CAR-ın dəniz nəqliyyatı marşrutlarından və Hörmüz boğazı kimi strateji keçid məntəqələrindən asılılığı yüksək olaraq qalır. İranla müharibə fonunda boğazda gəmi hərəkətinin ləngiməsi nəticəsində neft tədarükünün hər bir gün dayanması ölkə iqtisadiyyatına təxminən 1 milyard rand (təxminən 61 milyon ABŞ dolları) zərər vurur.







