TSMC süni intellektə yüksək tələbat fonunda rekord gəlir əldə edib

Dünyanın ən böyük müqaviləli çip istehsalçısı Taiwan Semiconductor Manufacturing Company (TSMC) ilkin maliyyə göstəricilərini açıqlayıb. Şirkətin məlumatına görə, 2026-cı ilin ilk yarısında gəlirləri illik müqayisədə 35,6% artaraq rekord 2,4 trilyon Tayvan dollarına (təxminən 75 milyard ABŞ dolları) çatıb.

Təkcə iyun ayında TSMC-nin gəliri 442,68 milyard Tayvan dolları (təxminən 13,8 milyard ABŞ dolları) təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 67,9% çoxdur. Şirkət 2026-cı ilin ikinci rübü üzrə tam maliyyə hesabatını 16 iyul tarixində açıqlayacaq.

Bloomberg yazır ki, bazar kapitallaşmasına görə Asiyanın ən dəyərli şirkəti olan TSMC məlumat emalı mərkəzləri və smartfonlar üçün müasir çiplərin istehsalında əsas rol oynayır. Agentliyin qiymətləndirməsinə görə, şirkətin nəticələri bazarın yüksək gözləntilərini doğruldub və süni intellekt üçün hesablama gücünə qlobal tələbatın yüksək olaraq qaldığını göstərib.

TSMC-nin nəticələri iri texnologiya şirkətlərinin məlumat emalı mərkəzlərinin tikintisi üzrə aktivliyinin əsas göstəricilərindən biri hesab olunur. Bloomberg-in hesablamalarına görə, korporasiyalar 2026-cı ildə məlumat mərkəzlərinin qurulmasına 725 milyard ABŞ dollarından çox vəsait xərcləyəcək.

Bununla belə, investorlar texnologiya şirkətlərinin bazar dəyərlərinin həddindən artıq yüksək olub-olmaması və onların gələcək tələbatdan artıq hesablama gücü yaratması ilə bağlı narahatlıqlarını artırırlar.

Bloomberg qeyd edir ki, texnologiya sektorunun bir çox aparıcı nümayəndələri, o cümlədən TSMC, bu narahatlıqları bölüşmür. Şirkətin baş direktoru Si Si Vey bildirib ki, ABŞ-də yeni istehsal güclərinin işə salınmasına baxmayaraq, şirkət yaxın bir neçə il ərzində amerikalı müştərilərin bütün sifarişlərini tam ödəyə bilməyəcək.

Bloomberg Intelligence analitiki Çarlz Şumun sözlərinə görə, iyun ayının satış göstəriciləri süni intellekt həlləri və server prosessorlarına güclü tələbatın smartfon və fərdi kompüter bazarındakı zəifliyi tam kompensasiya etdiyini təsdiqləyir.

Analitik hesab edir ki, ikinci rüb hesabatının əsas mövzusu şirkətin 2026-cı il üzrə kapital xərcləri olacaq. TSMC daha əvvəl bu istiqamətə rekord 56 milyard ABŞ dolları ayıracağını proqnozlaşdırmışdı. İnvestorları maraqlandıran əsas suallar bu xərclərin qabaqcıl istehsal və çiplərin qablaşdırılması güclərinin genişləndirilməsini nə dərəcədə əsaslandıracağı, eləcə də Intel-in yeni qablaşdırma texnologiyaları və İlon Maskın şirkətləri üçün çip istehsalını nəzərdə tutan Terafab layihəsi fonunda rəqabətin necə inkişaf edəcəyidir.

İnvestorları narahat edən digər amil isə iri məlumat mərkəzi operatorlarının tikinti layihələrini maliyyələşdirmək üçün borclanmanı və kapital cəlbini sürətlə artırmasıdır. Bloomberg yazır ki, süni intellektə yönələn investisiyaların böyük hissəsi məhz borc vəsaitləri hesabına maliyyələşdirilir, halbuki bu iri sərmayələrin nə vaxt və necə özünü doğruldacağı hələ də tam aydın deyil.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər