İran hakimiyyəti ABŞ Maliyyə Nazirliyinin iyun ayında verdiyi və ölkənin neft sektoruna qarşı tətbiq olunan sanksiyaları yumşaldan ümumi lisenziyanın qüvvədən düşməsinə baxmayaraq, neft ixracını davam etdirir. Bunu İranın neft naziri Möhsün Paknejad bildirib.
“ABŞ-nin ədalətsiz sanksiyalarının təsirini neytrallaşdırmaq üçün Neft Nazirliyi uzun illərdir zəruri mexanizmlər formalaşdırıb. Neft ixracının fasiləsizliyini təmin edən mexanizmlər qüvvədə qaldığı üçün İranın neft ixracı əvvəlki qaydada davam edir”, – deyə nazirliyin mətbuat xidməti Paknejadın sözlərini sitat gətirib.
Nazir qeyd edib ki, Tehran əvvəllər hazırladığı mexanizmlərdən imtina etməyib, çünki Vaşinqtonun verdiyi vədlərə əməl etməyəcəyini gözləyirdi.
İyulun 7-də ABŞ Maliyyə Nazirliyi iyun ayında verilmiş və İranın neft sektoruna qarşı sanksiyaları avqustun 21-dək yumşaldan ümumi lisenziyanın qüvvəsini dayandırıb və bu sahədə yeni əməliyyatları qadağan edib.






