İyun ayında SpaceX tarixdə ən böyük IPO həyata keçirib. Şirkət təxminən 86 milyard dollar cəlb edib və bu, İlon Maskı qısa müddət ərzində dünyanın ilk trilyonçusu edib.
ABŞ-nin aerokosmik şirkəti SpaceX-in (SPCX) səhmləri iyulun 13-də keçirilən ticarət zamanı iyulun 10-dakı bağlanış qiyməti ilə müqayisədə minimum 5,87% ucuzlaşaraq 136,78 dollara düşüb. Bu barədə NASDAQ birjasının məlumatında bildirilir.
Beləliklə, səhmlər iyunun 16-da qeydə alınmış 225,64 dollarlıq tarixi maksimumdan təxminən 40% geriləyib və 135 dollarlıq IPO qiymətinə yaxınlaşıb.
Bakı vaxtı ilə saat 22:25-ə olan məlumata görə, səhmlər 5,4% ucuzlaşaraq 137,4 dollar səviyyəsində ticarət olunub.
CNBC-nin məlumatına görə, eniş ABŞ Federal Mülki Aviasiya Administrasiyasının (FAA) SpaceX-in Starship raketinin ən böyük və ən güclü versiyasının mayın 22-də keçirilmiş sınaq uçuşu zamanı baş vermiş insidentlə bağlı araşdırmanı başa çatdırması fonunda baş verib.
Qurum bildirib ki, şirkətin araşdırmanın yekunlarına əsasən təqdim etdiyi nəticələr və düzəldici tədbirlər yoxlanılıb və təsdiqlənib.
SpaceX-in IPO-su tarixdə ən böyük ilkin kütləvi səhm təklifi olub. Şirkət əvvəlcə 75 milyard dollar cəlb edib, daha sonra isə anderrayterlər əlavə yerləşdirmə mexanizmi çərçivəsində 83,3 milyon əlavə səhm almaq hüququndan istifadə ediblər. Nəticədə cəlb olunan vəsaitin ümumi həcmi 85,7 milyard dollara çatıb.







