ABŞ-nin strateji neft ehtiyatlarında xam neftin həcmi ötən həftə 3 milyon barel azalaraq 316,5 milyon barelə düşüb. ABŞ Energetika Nazirliyinin məlumatına görə, bu, 1983-cü ilin aprelindən bəri qeydə alınan ən aşağı göstəricidir.
Azalma ABŞ-nin strateji ehtiyatlardan 172 milyon barel neftin bazara buraxılmasını nəzərdə tutan proqramı çərçivəsində baş verib.
Fevralın sonlarında başlayan ABŞ-İsrail–İran münaqişəsindən bəri, iyulun 10-na olan vəziyyətə görə, strateji neft ehtiyatları 98,9 milyon barel azalıb.
ABŞ-də kommersiya və strateji ehtiyatlar da daxil olmaqla ümumi neft ehtiyatları isə iyulun 3-nə olan məlumata əsasən 123,9 milyon barel azalaraq 730,8 milyon barelə enib. Bu da 1984-cü ildən bəri ən aşağı səviyyə hesab olunur.
Ötən həftənin yekun göstəricilərinin çərşənbə günü açıqlanacağı gözlənilir.







