Qlobal smartfon tədarükləri son 13 ilin ən aşağı səviyyəsinə düşüb

2026-cı ilin ikinci rübündə dünya üzrə smartfon tədarükləri ötən ilin eyni dövrü ilə müqayisədə 11% azalıb. Reuters agentliyinin Counterpoint Research şirkətinin məlumatlarına istinadən verdiyi xəbərə görə, bu göstərici 2013-cü ildən bəri ikinci rüb üçün ən aşağı səviyyədir.

Analitiklər bazardakı geriləməni operativ yaddaş (RAM) çatışmazlığının davam etməsi ilə izah edirlər. Komponent istehsalçıları süni intellekt məlumat emalı mərkəzlərinin operatorlarına üstünlük verdikləri üçün istehlak elektronikası məhsullarının maya dəyəri artır. Yaddaşın bahalaşması xüsusilə giriş və orta qiymət seqmentinə aid smartfonlara daha ciddi təsir göstərib. Beş ən böyük istehsalçı arasında ən böyük tədarük azalması Xiaomi, Oppo və Vivo şirkətlərində qeydə alınıb.

Samsung 24% bazar payı ilə yenidən dünya bazarında birinci yerə yüksəlib. Apple isə tədarüklərini 3% artıraraq ikinci rüb üçün rekord sayılan 20% bazar payına çatıb. Şirkət hələlik iPhone qiymətlərini dəyişməsə də, analitiklər yaxın aylarda qiymət artımı gözləyirlər.

Counterpoint Research ilin yekununda qlobal smartfon tədarüklərinin təxminən 14% azalacağını, operativ yaddaş çatışmazlığının isə 2027-ci ildə də davam edəcəyini proqnozlaşdırır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər