Bank of America tərəfindən fond menecerləri arasında keçirilən müntəzəm sorğuda iştirak edən respondentlərin rekord həddi – 54%-i yaxın dövrdə qlobal iqtisadi artımın zəifləyəcəyini gözləmir. Bu ssenari iqtisadiyyatda “no-landing” (kəskin eniş olmadan artımın davam etməsi) kimi qiymətləndirilir. Bu barədə Reuters-ə istinadən İnterfaks-Qazaxıstan məlumat yayıb.
Sorğuya əsasən, qlobal resessiya gözləyən investorların payı cəmi 2% təşkil edib.
İyulun 2–9-da keçirilən sorğunun nəticələrinə görə, fond menecerləri arasında nikbinlik səviyyəsi fevral ayından, yəni Yaxın Şərqdə hərbi əməliyyatlar başlamazdan əvvəlki dövrdən bəri ən yüksək həddə çatıb.
Respondentlərin fikrincə, qlobal iqtisadiyyat üçün əsas müsbət amillər ÜDM-in sabit artımı, süni intellekt infrastrukturuna böyük həcmdə investisiyalar və aparıcı mərkəzi bankların pul-kredit siyasətini yumşaldacağına dair gözləntilərdir.
ABŞ səhmlərini bazardan daha cəlbedici hesab edən investorların payı 2024-cü ilin dekabrından bəri ən yüksək səviyyəyə yüksəlib. Respondentlərin 82%-i yarımkeçirici istehsalçılarının səhmlərinin bahalaşacağını proqnozlaşdırır.
Bununla yanaşı, respondentlərin 45%-i hesab edir ki, süni intellekt sektorunda qiymət “köpüyü”nün yaranması qlobal maliyyə bazarları üçün əsas risk olaraq qalır.
Sorğunun keçirildiyi dövrdə Yaxın Şərqdə gərginliyin azalması fonunda iştirakçıların 2026-cı ilin sonu üçün neftin orta qiyməti ilə bağlı proqnozu da aşağı düşüb. Belə ki, onlar Brent neftinin qiymətinin ilin sonunda bir barel üçün 71 dollar olacağını gözləyirlər. Bu göstərici iyun ayında 86 dollar səviyyəsində idi.






