Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi 2026-cı il üzrə haqsız rəqabət hərəkətləri ilə bağlı “Plasmetal” MMC barəsində qaldırılmış işə baxışı yekunlaşdırıb.
Banker.az Agentliyin açıqladığı məlumata istinadən xəbər verir ki, iş şirkətin “T-Nova” şirkətinə məxsus “svp NoVa” əmtəə nişanından istifadə zamanı rəqabət qanunvericiliyini pozması əlamətləri ilə bağlı qaldırılıb.
Bildirilib ki, iş Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 22.1.3-cü maddəsinin tələblərinin pozulması əlamətləri əsasında icra olunub.
İşə baxılmasının nəticəsi olaraq “Plasmetal” MMC-yə yol verdiyi haqsız rəqabət hallarını aradan qaldırması və gələcəkdə bu cür hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib. Eyni zamanda şirkət barəsində maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, bundan əvvəl Agentlik həmin faktla bağlı araşdırma aparmış, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətlərini müəyyən etdikdən sonra şirkət barəsində rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul etmişdi.
\“svp NoVa” T-Nova şirkətinə məxsus əmtəə nişanıdır. Bu nişan kafel və metlax döşənməsi zamanı səthin hamarlanması üçün istifadə olunan SVP (Tile Leveling System) məhsulları – sıxaclar, pazlar, xaçlar və digər montaj aksesuarları üzrə istifadə edilir. T-Nova 2019-cu ildən Azərbaycanda bu məhsulların istehsalı və satışı ilə məşğuldur.
“Plasmetal” MMC 2024-cü ildə təsis edilib. Şirkət Abşeron rayonu, Məmmədli qəsəbəsində yerləşir və nizamnamə kapitalı 2 000 manat təşkil edir. MMC-nin direktoru Samir Abbasov Əbülfəz oğludur.







