Spotify platformasının təsisçisi Daniel Ekin yaratdığı Neko Health biotexnologiya startapı növbəti maliyyələşmə raundunda 700 milyon dollar investisiya cəlb edib. İnvestorlar arasında vençur fondları ilə yanaşı, supermodel Klaudiya Şiffer, keçmiş tennisçi Mariya Şarapova, futbol əfsanəsi Tyerri Anri, Meta-nın baş direktoru Mark Zukerberq və digər tanınmış şəxslər də yer alır.
Bloomberg-in şirkətə istinadən verdiyi məlumata görə, Neko Health insan orqanizminin tam skan edilməsi əsasında erkən diaqnostika xidmətləri göstərir.
Maliyyələşmə raunduna milyarder Eyal Oferin OG Venture Partners fondu və Lightspeed Venture Partners rəhbərlik edib. İnvestorlar arasında həmçinin Mark Zukerberq və həyat yoldaşı Prissilla Çan, eləcə də musiqi prodüseri Cimmi Ayovin də var.
Şirkət yeni bazar dəyərini açıqlamayıb. Bloomberg daha əvvəl mənbələrə istinadən yazmışdı ki, 2025-ci ilin əvvəlində keçirilən əvvəlki maliyyələşmə raundunda Neko Health təxminən 1,8 milyard dollar qiymətləndirmə ilə 260 milyon dollar investisiya cəlb etmişdi.
Neko Health 2018-ci ilin əvvəlində Daniel Ek tərəfindən təsis edilib. Şirkət tam bədən skanını həyata keçirən tibbi mərkəzlər şəbəkəsi yaradır və dəri xərçəngi, diabet, ürək-damar xəstəlikləri və digər sağlamlıq problemlərinin erkən əlamətlərini müəyyən etməyə imkan verən müayinələr aparır.
Hazırda Neko Health İsveç və Böyük Britaniyada fəaliyyət göstərir. Bir müayinənin qiyməti təxminən 400 dollardır ki, bu da bütün bədənin MRT müayinəsindən daha ucuz hesab olunur. Şirkətin məlumatına görə, artıq 350 mindən çox insan bu müayinədən keçmək üçün qeydiyyatdan keçib.
Daniel Ek 2025-ci ildə Spotify-ın baş icraçı direktoru vəzifəsindən ayrılıb. O, hazırda Almaniyanın müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən Helsing startapının direktorlar şurasına da rəhbərlik edir.







