Nikelin qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilərin zəifləməsi və dünyanın ən böyük nikel istehsalçısı olan İndoneziyada mədən siyasəti ilə bağlı qeyri-müəyyənlik fonunda son üç həftənin ən yüksək səviyyəsinə çatıb.
London Metal Birjasında (LME) akkumulyator istehsalında istifadə olunan metalların qiyməti 2,8% artıb. Buna ABŞ istehsalçı qiymətlərinin gözlənilmədən azalması səbəb olub. Bu göstərici treyderləri FED-in pul-kredit siyasətinin daha da sərtləşdirilməsi ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirməyə vadar edib. Adətən faiz dərəcələrinin artırılması istehsalçılar üçün kredit xərclərini yüksəltdiyindən metallara tələbatı azaldır.
İnvestorlar həmçinin dünya nikel təklifinin 60%-dən çoxunu təmin edən İndoneziyada hasilat kvotaları ilə bağlı perspektivləri qiymətləndirməyə davam edirlər. Mədən şirkətləri ayın əvvəlində kvotaların artırılması üçün müraciət etsələr də, hökumət bu məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
May ayında İndoneziya palma yağı, kömür və ferroərintilərin ixracını suveren rifah fondu tərəfindən idarə olunan dövlət şirkəti vasitəsilə həyata keçirməyi nəzərdə tutan iddialı plan təqdim etməklə bazar iştirakçılarını təəccübləndirmişdi.
Sinqapur vaxtı ilə saat 12:53-ə olan məlumata görə, LME-də nikelin qiyməti 2,4% artaraq bir ton üçün 17 210 dollara yüksəlib. Bu, iyunun 24-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
Eyni zamanda alüminiumun qiyməti 0,6%, misin qiyməti isə 0,5% artıb. Qurğuşunun qiyməti isə üç günlük enişdən sonra 0,6% yüksəlib. Mənbələrin məlumatına görə, Trafigura Group çərşənbə axşamı LME anbarlarına rekord həcmdə ikinci qurğuşun tədarükünü həyata keçirib.






