Yaponiya qadınların taxta çıxmasına qoyulan qadağanı qüvvədə saxlayıb

Yaponiya parlamenti cümə günü taxt-tac varisliyi haqqında qanuna dəyişiklikləri qəbul edib, lakin imperator ailəsinin qadın üzvlərinə taxta çıxmağa icazə verən düzəlişi rədd edib. Beləliklə, qadınların taxta çıxmasına qoyulan qadağa, cəmiyyətdə bu ideyaya geniş dəstəyə baxmayaraq, qüvvədə saxlanılıb. Bu barədə AFP agentliyi məlumat yayıb.

Qanun layihəsinin lehinə parlamentin yuxarı palatasında 241 deputatdan 184-ü, əleyhinə isə 57-si səs verib. Dəyişikliklərə əsasən, 15 yaşdan yuxarı və subay olan uzaq kişi qohumların imperator ailəsinə qəbul edilməsinə icazə verilir. Bundan başqa, qadınlara sadə vətəndaşla evləndikdən sonra da imperator ailəsinin üzvü statusunu qorumaq hüququ verilib. Bu hüquq əvvəllər yalnız kişilərə şamil olunurdu.

Bununla belə, yeni qanun imperator Naruhitonun 24 yaşlı qızı şahzadə Aiko və ya şahzadə Hisahitonun iki böyük bacısının gələcəkdə imperator olmasına imkan vermir.

Qanun hakim Liberal Demokrat Partiyası daxilində də fikir ayrılığına səbəb olub. Yaponiyanın ilk qadın Baş naziri olan Sanae Takati qadınların taxta çıxmasına qarşı çıxıb. İyunun əvvəlində keçirilən 13 siyasi partiya və parlament qrupunun görüşündə qanuna dəyişiklikləri yeddi tərəf dəstəkləyib.

Hakim partiyanı adətən dəstəkləyən nüfuzlu Yomiuri Shimbun qəzeti isə redaksiya məqaləsində qanunu tənqid edib.

Asahi Shimbun qəzetinin may ayında keçirdiyi sorğuya əsasən, respondentlərin 72%-i imperator ailəsinin qadın üzvlərinin taxta çıxmasına tərəfdardır. Hazırda Yaponiya imperator ailəsi ümumilikdə 16 nəfərdən ibarətdir. Onların arasında beş kişi var: 66 yaşlı imperator Naruhito, onun 60 yaşlı qardaşı Fumihito, şahzadə Hisahito, 92 yaşlı sabiq imperator Akihito və onun 90 yaşlı qardaşı Masahito.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər