S&P Global bildirib ki, mayeləşdirilmiş təbii qazın (LNG) ixracı üzrə yeni layihələrə qoyulan fasilə başa çatdıqdan sonra onlar həyata keçirilməsə, ABŞ 2031-ci ildən etibarən hər il 76 milyard dollara qədər gəlir itirə bilər.
Şirkətin qiymətləndirməsinə görə, fasilənin uzunmüddətli olması Avropa və Asiyada təbii qaz qiymətlərinin 50% artmasına, həmçinin gəlirlərin ABŞ-dən kənardakı enerji təchizatçılarının xeyrinə yenidən bölüşdürülməsinə səbəb olacaq.
Hesabatda qeyd olunur ki, 2040-cı ilə qədər ABŞ-də LNG tədarük zəncirinə yatırılan investisiyaların həcmi 1 trilyon dolları ötəcək.
Bundan əlavə, ABŞ şirkətlərinin gələcək LNG ixracından əldə edəcəyi ümumi gəlirin 2,9 trilyon dollara çatacağı, ölkə daxilində qaz qiymətlərinin isə dünyanın ən aşağı səviyyələrindən biri olaraq qalacağı proqnozlaşdırılır.






