ABŞ Konqresi tələb olunan maliyyələşdirməni təsdiqləyəcəyi təqdirdə, İrana qarşı hərbi əməliyyat zamanı istifadə edilmiş silah ehtiyatlarının tam bərpası üçün ölkəyə ən azı dörd il lazım olacaq. Bu barədə The Hill qəzeti hərbi ekspertlərə istinadən yazıb.
Nəşrin məlumatına görə, İrana qarşı təxminən 40 gün davam edən hərbi kampaniya zamanı ABŞ ordusu 13 mindən çox yüksək dəqiqlikli döyüş sursatından istifadə edib. ABŞ-nin Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSIS) bildirir ki, Patriot zenit-raket kompleksləri üçün nəzərdə tutulan raket ehtiyatlarının təxminən 50%-i, THAAD sistemlərinin döyüş sursatının yarıdan çoxu və Precision Strike Missile raket ehtiyatlarının 45%-dən çoxu sərf olunub.
Bununla əlaqədar olaraq, Pentaqon 2027-ci maliyyə ili üçün rekord həcmdə — 1,5 trilyon dollarlıq müdafiə büdcəsi sorğusundan əlavə, silah arsenalının bərpası məqsədilə Konqresdən əlavə maliyyələşdirmə istəyir. Nəşrin qeydinə görə, İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanması bu müddəti daha da uzada bilər.
İyulun 15-də ABŞ Silahlı Qüvvələri İrana qarşı ikinci zərbələr dalğasına başlayıb. Hədəf Tehranın “Hörmüz boğazında gəmiçiliyi təhdid etmək imkanları” ilə əlaqəli obyektlər olub. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) zərbələrin İranın Hörmüz boğazından keçən kommersiya gəmilərinə hücum imkanlarını daha da zəiflətməyə yönəldiyini bildirib.
ABŞ prezidenti Donald Tramp isə bəyan edib ki, Vaşinqtonun İrana zərbələri özü “bəsdir” deyənə qədər davam edəcək. Onun sözlərinə görə, ABŞ-nin ardıcıl hücumlarından sonra İranın silahlı qüvvələri “çox aşağı səviyyəyədək zəifləyib”.







