ABŞ-də 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi ötən həftə 2025-ci ilin avqustundan bəri ən yüksək səviyyəyə çatıb. Dövlət ipoteka korporasiyasının məlumatına görə, cümə axşamı 30 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi 6,55% təşkil edib. Bu göstərici bir həftə əvvəl 6,49%, ötən ilin eyni dövründə isə 6,75% olub.
15 illik ipoteka kreditləri üzrə orta faiz dərəcəsi isə 5,93%-ə yüksəlib. Bir həftə əvvəl bu göstərici 5,82%, 2025-ci ilin eyni tarixində isə 5,92% təşkil edirdi.
Freddie Mac ölkə üzrə təxminən 80 ipoteka krediti verən maliyyə təşkilatının məlumatları əsasında orta faiz dərəcələrini hesablayır. Göstəricilərə ipoteka ilə bağlı mümkün komissiyalar və digər ödənişlər daxil edilmir.
Adətən ipoteka faizləri müəyyən gecikmə ilə ABŞ dövlət istiqrazlarının gəlirliliyini izləyir. İstiqraz gəlirliliyi isə öz növbəsində Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsi ilə bağlı gözləntilərdəki dəyişikliklərə reaksiya verir.
Cümə axşamı ABŞ-nin 10 illik dövlət istiqrazlarının (US Treasuries) gəlirliliyi 4,559%, bir həftə əvvəl isə 4,562% təşkil edib.







