2024-cü ilin dekabrında AZAL təyyarəsinin qəzaya uğramasından sonra Azərbaycanla Rusiya arasında dayandırılmış bir neçə birbaşa uçuşun bərpası planları Rusiya turizm bazarının nümayəndələri tərəfindən müsbət qiymətləndirilir.
Onların fikrincə, bu, səyahəti daha rahat edəcək və iki ölkə arasında turizm mübadiləsinin daha da artmasına töhfə verəcək.
Xatırladaq ki, bir gün əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yaxın vaxtlarda Rusiya ilə bəzi birbaşa aviareyslərin bərpasının planlaşdırıldığını bildirib.
“Alean” tur operatoru qeyd edir ki, ilin birinci yarısının yekunları üzrə Azərbaycana turların satış həcmi demək olar ki, ötən ilin göstəricisinə çatıb, tələb dinamikası isə tədricən 2024-cü ilin səviyyəsinə yaxınlaşır.
Şirkətin qiymətləndirməsinə görə, birbaşa uçuşların bərpası səyahətləri turistlər üçün daha rahat və proqnozlaşdırıla bilən edəcək. Eyni zamanda, sonrakı artım reyslərin sayından və uçuşların coğrafiyasından asılı olacaq. İlin ikinci yarısında turizm axınının artırılması üçün əlavə stimul Bakıda ənənəvi olaraq çox sayda xarici qonağı cəlb edən Formula 1 dünya çempionatının mərhələsinin keçirilməsi olacaq.
Birbaşa uçuşların bərpasının turizm bazarına müsbət təsiri barədə “YouTravel.me” şirkətinin rəsmi saytında da qeyd edilib. Bildirilib ki, Rusiya vətəndaşları üçün vizasız rejimlə birlikdə birbaşa aviareyslər Azərbaycanı səyahət üçün ən əlverişli istiqamətlərdən birinə çevirir.
Şirkətin məlumatına görə, ötən il rezervasiyaların sayı təxminən 12-15 faiz azaldıqdan sonra bu ilin birinci yarısı demək olar, ötən ilin analoji dövrü səviyyəsində başa çatıb ki, bu da tələbin sabitləşdiyini göstərir. Şirkət ümid edir ki, birbaşa reyslərin bərpası və payızda Formula 1 mərhələsinin Bakıda keçirilməsi bronların sayının daha da artmasına kömək edəcək.
Rusiya Turizm Sənayesi İttifaqı hesab edir ki, Rusiya ilə Azərbaycan arasında hava əlaqələrinin daha da inkişaf etdirilməsi turizm səfərləri üçün əlavə imkanlar yaradacaq və iki ölkə arasında turizm əlaqələrinin möhkəmlənməsinə kömək edəcək.







