Politico: Səudiyyə Ərəbistanında futbol üzrə dünya çempionatı 2035-ci ildə keçirilə bilər

Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan 2034-cü il futbol üzrə dünya çempionatı müsəlmanlar üçün müqəddəs Ramazan ayına və ya isti hava şəraitinə təsadüf etməməsi üçün 2035-ci ildə keçirilə bilər. Bu barədə Politico yazıb.

Nəşrin yazdığına görə, güclü istilər səbəbindən turnirin yay aylarında keçirilməsi ehtimalı azdır. Politico qeyd edir ki, 2034-cü ildə Ramazan ayı təxminən noyabrın 12-də başlayacaq və dekabrın 12-də başa çatacaq. Martın əvvəlində isə təxminən 2 milyon insan hər il keçirilən Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına yollanacaq.

2034-cü ilin yanvar və fevral ayları da dünya çempionatının keçirilməsi üçün uyğun olmaya bilər. Belə ki, həmin dövrdə ABŞ-nin Solt-Leyk-Siti şəhərində Qış Olimpiya Oyunları keçiriləcək və bu, “ictimaiyyətin diqqətini və sponsorların vəsaitlərini yayındıra bilər”.

Politico-nun fikrincə, belə bir vəziyyətdə dünya çempionatının 2035-ci ilin əvvəlində keçirilməsinə qərar verilə bilər. Qeyd olunur ki, Beynəlxalq Futbol Federasiyası (FIFA) belə bir variantı nəzərdən keçirdiyini açıqlamayıb, lakin nəşrin fikrincə, bu ssenarini istisna etmək olmaz.

Futbol üzrə dünya çempionatı adətən yay aylarında keçirilir. Lakin 2022-ci ildə ev sahibi Qətərdə havanın yüksək temperaturu səbəbindən turnir ilk dəfə payız-qış mövsümündə təşkil olunub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər