Kanadanın Baş naziri Mark Karni bəyan edib ki, ölkəsi bütün vətəndaşlarımızın maraqları naminə həllini tapmamış məsələlərin aradan qaldırılması üçün ABŞ ilə fəal əməkdaşlığa hazırdır. O, bu açıqlamanı Vaşinqtonun Kanada mallarına əlavə 50% gömrük rüsumu tətbiq etmək qərarına münasibət bildirərkən verib.
Mark Karni bu qərarı ABŞ-nin “bir sıra birtərəfli ticarət addımlarının sonuncusu” adlandırıb və bildirib ki, bu addımlar Kanada, ABŞ və Meksika arasında Azad Ticarət Sazişini (CUSMA) pozur. O xatırladıb ki, Kanada yalnız analoji cavab tədbirləri görüb. Baş nazir vurğulayıb ki, ölkə hakimiyyəti “bu mübahisənin həlli və CUSMA-nın modernləşdirilməsi” ilə bağlı ətraflı və hərtərəfli təkliflər təqdim edib və yaxın həftələrdə müzakirələri intensivləşdirməyə hazırdır. Karni həmçinin qeyd edib ki, ABŞ ilə Kanada arasında ticarət mübahisəsi ailələrin xərclərinin artmasına səbəb olub.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Kanadadan idxal olunan mallara əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutan fərmanlar imzalayıb. Yeni məhdudiyyətlər ümumi dəyəri 20 milyard dollar olan idxala şamil ediləcək və 30 gündən sonra qüvvəyə minəcək. Tramp 1930-cu il Tariflər Qanununa istinad edib. Həmin qanun Amerika mallarına qarşı ayrı-seçkilik halları müəyyən edildiyi təqdirdə prezidentə Konqresin təsdiqi olmadan xarici məhsullara 50%-dək gömrük rüsumu tətbiq etmək səlahiyyəti verir.







