BVF Ukraynaya 690 milyon dolların ayrılmasını təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Ukraynaya yeni kredit dəstəyi proqramı çərçivəsində 690 milyon dollar həcmində tranşın ayrılmasını təsdiqləyib. Reuters-in məlumatına görə, fondun dörd illik 8,1 milyard dollarlıq kredit proqramı çərçivəsində Ukraynaya indiyədək ayrılan vəsaitin ümumi həcmi artıq 2,2 milyard dolları ötüb.

BVF bu qərarı Ukrayna iqtisadiyyatının qiymətləndirilməsindən sonra qəbul edib. Fonddan bildirilib ki, ölkə infrastruktura endirilən zərbələrə və Yaxın Şərqdə gərginliyin artmasının dolayı təsirlərinə baxmayaraq, maliyyə sabitliyini qoruyub saxlaya bilir. Bununla belə, ekspertlərin qiymətləndirməsinə görə, iqtisadi vəziyyət pisləşir və islahatların həyata keçirilməsi tempi zəifləyib.

BVF yoxlamanın nəticələrini “ümumilikdə qənaətbəxş” hesab edib, həmçinin Ukrayna hökuməti ilə islahatların həyata keçirilməsi cədvəlini və yeni öhdəlikləri razılaşdırıb.

Fondun rəhbəri Kristalina Georgiyeva vurğulayıb ki, hazırda Ukrayna üçün əsas prioritet makroiqtisadi sabitliyin qorunmasıdır. O, daha balanslı fiskal və pul-kredit siyasətinin aparılmasına, eləcə də maliyyə sektorunun dayanıqlığını gücləndirəcək islahatların davam etdirilməsinə çağırıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər