İki dövlət fondu, China Reform Holdings və China Chengtong, həftəsonu ərzində Çin səhmlərinə təxminən 9 milyard dollar yatırıb.
Bundan əvvəl Çinin fond bazarı olduqca ağır iki həftə keçirmişdi. Yaxın Şərqdə gərginliyin artması, süni intellekt çipləri istehsalçılarının səhmlərinin qlobal miqyasda kütləvi satışı və mikrosxem istehsalçısı CXMT-nin 8,6 milyard dollarlıq IPO-su bazardan vəsait axınına səbəb olub.
Bütün bunların nəticəsində Çinin fond bazarı 1,48 trilyon dollar kapitallaşma itirib.
Dövlət fondları müdaxilə etməzdən əvvəl tənzimləyici qurumlar bazar iştirakçıları ilə görüşlər keçiriblər.
Bu, kəskin satış dalğaları zamanı Çinin tez-tez istifadə etdiyi taktikalardan biridir: enişi dayandırmaq üçün dövlət vəsaitləri məhz zəruri həcmdə səhmlərin alınmasına yönəldilir.
Bu tədbirlər qiymətləri yüksəldib, lakin investorlar bərpanın dayanıqlı olacağına hələ tam əmin deyillər.
Analitiklərin fikrincə, artımın uzunmüddətli olması üçün alışlar yalnız dövlət tərəfindən dəstəklənən səhmlərlə məhdudlaşmamalı, özəl şirkətlərin və maliyyə sektorunun qiymətli kağızlarını da əhatə etməlidir.
Çin sonuncu dəfə 2021-ci ildə oxşar tədbirlər gördükdə bu baş verməmişdi: bazarın 1,3 trilyon dollarlıq analoji çöküşündən sonra hökumətin müdaxiləsindən cəmi bir neçə gün keçmiş eniş yenidən başlamışdı.







