Azərbaycanda benzin istehsalı artıb, dizel azalıb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda neft emalı məhsullarının istehsalında fərqli dinamika qeydə alınıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, avtomobil benzini və sürtkü yağlarının istehsalı artdığı halda, dizel yanacağı, ağ neft, maye qaz və digər bəzi neft məhsullarının istehsalı azalıb.

Hesabat dövründə 706,7 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7% çoxdur. Sürtkü yağlarının istehsalı 21,9 min tona çataraq 12,9%, neft koksunun istehsalı isə 118,9 min ton olmaqla 12,9% artıb.

Bununla yanaşı, dizel yanacağının istehsalı 1 milyon 128 min ton təşkil edib və illik müqayisədə 1,2% azalıb. Ağ neft istehsalı 261,7 min tona enərək 22,5%, maye qaz istehsalı 95,4 min ton olmaqla 15,3%, mazut istehsalı isə 51,4 min tonla 9,2% azalıb. Neft bitumunun istehsalı da 60,1 min tona düşərək 47,9% geriləyib.

İyulun 1-nə olan vəziyyətə görə, sənaye müəssisələrinin anbarlarında 105,5 min ton dizel yanacağı, 61,2 min ton neft məhsullarının digər qalıqları, 41,9 min ton neft koksu və 41,7 min ton avtomobil benzini ehtiyatı mövcud olub.

Bu arada, yanvar–may aylarında Azərbaycan 80,7 min ton mühərrik benzini idxal edib ki, bu da illik müqayisədə 9% azdır. Buna baxmayaraq, idxalın dəyəri 5,9% artaraq 72,3 milyon ABŞ dollarına çatıb və orta idxal qiyməti hər ton üzrə 896 ABŞ dolları olub. Aİ-92 benzinin idxalı 95,9% azalarkən, Aİ-95 premium benzinin idxalı 35,5% artıb. Hökumət isə uzunmüddətli perspektivdə yanacaq idxalından asılılığı azaltmaq məqsədilə SOCAR tərəfindən inşa ediləcək yeni neft emalı zavodu layihəsini həyata keçirməyi planlaşdırır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər