16 C
Baku
Wednesday, October 30, 2024

Xızıda sahibkarlara güzəştli kreditlər verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

Nazirliyin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, bu məqsədlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forum iyulun 21-də Xızı rayonunda keçirilib. Forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Xızıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

100-dən çox sahibkarın iştirak etdiyi forum çərçivəsində Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”, iri fermer, intensiv bağçılıq və istixana təsərrüfatlarının, şirniyyat istehsalı müəssisəsinin və 3 ulduz hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1383 sahibkara 76,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 3300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1115 investisiya layihəsinin maliyyələşdirilməsinə 315,4 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarı, cins heyvandarlıq kompleksi, quşçuluq fabrikləri, çörək zavodları, tikinti materialları, tara istehsalı, ət və süd emalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən 32 sahibkara 660 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, polietilen paket, tikinti materialları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması hesabına 50 yeni iş yerinin açılması imkanı yaradılacaq.

Forum çərçivəsində Xızıda güzəştli kredit ayrılmış ildə 4 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan istixana və 1000 başlıq cins heyvandarlıq komplekslərində aparılan tikinti işlərinə baxış keçirilib. Ümumilikdə indiyədək, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 48 müasir istixana kompleksinin yaradılmasına 141,5 milyon manat, illik istehsal gücü 189,6 min ton süd və 2,6 min ton ət olan 23 cins heyvandarlıq kompleksinin yaradılmasına 104,7 milyon manat güzəştli kredit verilib.

Son xəbərlər
Digər xəbərlər