Samsung Electronics qatlanan Galaxy Z seriyasının yeni nəslini təqdim edib. Şirkətin mətbuat xidmətinin yaydığı məlumata görə, yeni xəttə üç model daxildir: Galaxy Z Fold8 Ultra, Galaxy Z Fold8 və Galaxy Z Flip8.
İstehsalçının məlumatına əsasən, Galaxy Z Fold8 Ultra seriya tarixində ən nazik qatlanan smartfondur. Açılmış vəziyyətdə cihazın qalınlığı 4,1 mm, çəkisi isə 215 qramdır. Model 8 düymlük əsas ekran, 200 MP əsas kamera, 5000 mAh tutumlu batareya, Snapdragon 8 Elite Gen 5 for Galaxy prosessoru və 45 Vt gücündə ikikanallı enerji təchizatı sistemi ilə təchiz edilib.
Galaxy Z Fold8 7,6 düymlük əsas ekran, 4800 mAh batareya və 50 MP əsas kamera ilə təqdim olunub. Smartfon lavanda, qrafit və krem rənglərində satışa çıxarılacaq. Bundan əlavə, cihaz ekran yazısı zamanı istifadəçinin reaksiyasını da eyni vaxtda qeydə alan ikiqat kamera rejimini dəstəkləyir.
Samsung-un flaqman qatlanan modeli olan Galaxy Z Flip8 isə 6,9 düymlük əsas ekran və cihazı açmadan tətbiqlərə və funksiyalara çıxış imkanı verən 4,1 düymlük FlexWindow xarici ekranı ilə təchiz olunub. Smartfon 4300 mAh batareyaya malikdir və Exynos 2600 prosessoru ilə işləyir.
Hər üç model IP48 standartı üzrə suya və toza davamlıdır, Android 17 əməliyyat sistemi və One UI 9 istifadəçi interfeysi ilə işləyir, həmçinin 5G şəbəkələrini dəstəkləyir.
Şirkət əlavə edib ki, Galaxy AI süni intellekt imkanları hər bir model üçün ayrıca optimallaşdırılıb.









