Süni intellektin proqram təminatı şirkətlərinə necə təsir göstərəcəyi ilə bağlı narahatlıqlar Uoll-Strit analitiklərinin getdikcə daha çoxunun Adobe və Salesforce səhmlərini satmağı, yəni underweight mövqeyini tövsiyə etməsinə səbəb olub. Bloomberg yazır ki, hazırda belə tövsiyələrin sayı son bir neçə ilin istənilən dövründəkindən daha çoxdur.
Morgan Stanley hər iki şirkət, eləcə də sektorun bir sıra digər səhmləri üzrə tövsiyəsini aşağı salan sonuncu investisiya bankı olub. İyunun əvvəlindən etibarən Stifel, Evercore ISI, Wolfe Research və Phillip Securities də daxil olmaqla azı beş şirkət Adobe üzrə tövsiyəsini pisləşdirib. İlin əvvəlindən bəri isə belə endirimlərin sayı artıq ondan çoxdur.
Analitiklər nə deyirlər?
“Adobe-un eyni vaxtda freemium modelinə keçməsi, rəhbərliyin dəyişməsi və təkrar investisiyaların artması strategiyanın həyata keçirilməsində uğursuzluq riskini artırır. Çünki generativ süni intellektin dağıdıcı təsiri ilə bağlı müzakirələr illik təkrarlanan gəlirin yenidən sürətlənməsinə aparan yolu getdikcə daha çox qeyri-müəyyən edir”, – Morgan Stanley analitiki Adam Vud yazıb.
Vud əlavə edib ki, Adobe-un qiymətləndirilməsində “bu dağıdıcı riskin əhəmiyyətli hissəsi” artıq nəzərə alınsa da, şirkətin biznesində eyni vaxtda baş verən dəyişikliklər mümkün dönüşün müddətini və miqyasını daha az aydın edir.
O, Adobe səhmləri üzrə hədəf qiyməti əvvəlki 365 dollardan 240 dollara endirib. Bu isə analitikin hazırda bir səhm üçün 226,6 dollar təşkil edən qiymətlə müqayisədə əhəmiyyətli artım potensialı görmədiyini göstərir.
Nəticədə Adobe üzrə səhmləri almaq, saxlamaq və ya satmaq tövsiyələrinin nisbətini əks etdirən konsensus göstəricisi 5 bal üzərindən 3,3 bala düşüb. Bloomberg-in məlumatına görə, bu, 1990-cı illərdən bəri ən aşağı səviyyədir.
Salesforce-da isə bu göstərici hazırda 4,4 bal təşkil edir ki, bu da 2012-ci ildən bəri minimumdur. Morgan Stanley və KeyBanc-ın son endirimləri, o cümlədən şirkətin Agentforce süni intellekt məhsulu ilə bağlı suallarla əlaqələndirilib.
Morgan Stanley analitiki Elizabet Porter yazıb ki, Agentforce süni intellekt məhsulunun əsas göstəriciləri “hələlik orqanik artımda dönüş yaratmayıb, köhnə məhsul portfeli isə nəticələri aşağı çəkməyə davam edir”.
Son 12 ay ərzində Adobe üzrə tövsiyə verən 34 Uoll-Strit analitikinin qiymətləndirməsinə əsasən, şirkətin səhmləri üzrə konsensus tövsiyə Hold, yəni “saxlamaq”dır. Adobe səhmləri üzrə orta 12 aylıq hədəf qiymət 271,30 dollar təşkil edir.
Salesforce üzrə 46 analitikin konsensus tövsiyəsi Moderate Buy, yəni “mülayim şəkildə almaq”dır. Şirkətin səhmləri üzrə orta 12 aylıq hədəf qiymət 249,51 dollardır. Bu, səhmlərin hazırkı 166,1 dollarlıq qiyməti ilə müqayisədə təxminən 50%-lik artım potensialı nəzərdə tutur.
İlin əvvəlindən etibarən Adobe və Salesforce səhmləri müvafiq olaraq 35% və 36% ucuzlaşıb. Sektorun geniş istifadə edilən göstəricilərindən biri olan iShares Expanded Tech-Software Sector ETF-i isə eyni dövrdə 13% azalıb.
Daha kimlər təzyiq altında qalıb?
Morgan Stanley, həmçinin Workday, Intuit, JFrog, Elastic, PagerDuty, Rapid7, SPS Commerce, BlackLine və Vertex də daxil olmaqla bir neçə digər proqram təminatı şirkəti üzrə tövsiyələrini aşağı salıb.
Bununla yanaşı, investisiya bankı Fortinet üzrə tövsiyəsini equalweight səviyyəsinə yüksəldib. Analitiklərin fikrincə, yaxın müddətdə kibertəhlükəsizlik proqram təminatı hazırlayan şirkətin vəziyyəti sektorun bir çox digər iştirakçısı ilə müqayisədə daha dayanıqlı görünür.
Equalweight adətən neytral, yəni “saxlamaq” tövsiyəsi deməkdir. Bu halda analitiklər səhmin bazarı nəzərəçarpacaq dərəcədə üstələyəcəyini və ya əksinə, bazardan əhəmiyyətli dərəcədə geri qalacağını gözləmirlər.







