Meta şirkəti hesabın real şəxsə məxsus olduğunu təsdiqləyən Facebook Verified nişanını təqdim edib. Engadget-in məlumatına görə, yeni funksiya 2026-cı il iyulun 27-dən etibarən mərhələli şəkildə bəzi ölkələrdə istifadəyə veriləcək. Şirkət bu ölkələrin siyahısını açıqlamayıb. Gələcəkdə funksiyanın bütün dünyada əlçatan olacağı bildirilir.
Nişanı əldə etmək üçün istifadəçilər video-selfi yükləməli olacaqlar. Sistem videonu profil şəkilləri ilə müqayisə edəcək. Yoxlama prosesi bir neçə dəqiqə çəkəcək və yalnız 18 yaşdan yuxarı istifadəçilər üçün əlçatan olacaq.
Meta hesab edir ki, Facebook Verified süni intellekt vasitəsilə yaradılmış saxta hesabları real istifadəçilərdən ayırmağa kömək edəcək. Nişan istifadəçi profilində görünəcək, gələcəkdə isə paylaşımların yanında da göstəriləcək.
Meta Verified abunəliyindən fərqli olaraq, yeni funksiya ödənişsiz olacaq.
Şirkət vurğulayıb ki, Facebook Verified yalnız hesabın arxasında real şəxsin dayandığını təsdiqləyir. Bu nişan istifadəçinin etibarlılığına və ya nüfuzuna Meta tərəfindən zəmanət verilməsi anlamına gəlmir.
İyulun 23-də Google da hesablara video-selfi ilə giriş funksiyasını istifadəyə vermişdi. İlkin video şifrələnmiş şəkildə saxlanılacaq və yalnız hesaba giriş üçün istifadə ediləcək. İstifadəçi həmin videonu istənilən vaxt silə biləcək.






