“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi 2026-cı ildən 2029-cu ilədək neft və təbii qazın qiymətlərinin dəyişməyəcəyini proqnozlaşdırır.
Bu barədə beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib.
“S&P”nin ekspertləri hesab edirlər ki, 2026-cı ildə “Brent” markalı neftin 1 barelinin qiyməti orta hesabla 110, 2027-ci ildə 80, 2028-ci və 2029-cu illərdə isə 65 ABŞ dolları olacaq. WTI markalı neftin 1 bareli isə bu il orta hesabla 105, 2027-cı ildə 75, 2028-ci və 2029-cu illərdə isə 60 ABŞ dollara ticarət olunacaq.
Hesabatda qeyd olunub ki, “Henry Hub”da 2026-cı ildən 2029-cu ilin sonuna qədər 1 000 kubfut təbii qazın orta qiyməti 3,5 ABŞ dolları təşkil edəcək. Bu il AECO habında 1 000 kubfut təbii qazın orta qiyməti 1,5, 2027-ci ildən 2029-cu ilin sonuna qədər isə 1,75 ABŞ dolları olacaq. Bu il TTF-də isə 1 000 kubfut təbii qazın orta qiyməti 18, 2027-ci ildə 12, 2028-ci ildə 8, 2029-cu ildə 7 ABŞ dolları olacaq.
“Bizim baza ssenarimizə əsasən, Hörmüz boğazında tədarüklə bağlı pozuntular bu ilin ikinci yarısında səngiyəcək. Amma bu boğaz yenidən açıldıqdan sonra belə, gəmiçilik və enerji resurslarının təchizatı 2026-cı ilin sonuna qədər ehtimal ki, müharibədən əvvəlki səviyyələrdən aşağı qalacaq”, – beynəlxalq reytinq agentliyinin analitikləri hesab edir.
Qeyd olunub ki, Hörmüz boğazının faktiki olaraq bağlanması 4 aydan çoxdur ki, davam edir: “Neft qiymətləri kəskin şəkildə dəyişir. “Brent” markalı neftin qiyməti 2026-cı ilin aprel ayının əvvəlində 1 barel üçün 137 dollar təşkil edərək ən yüksək həddə çatıb, daha sonra ABŞ və İran arasında iyunun 17-də imzalanan anlaşma memorandumundan sonra iyulun 1-də 1 barel üçün 73 dollara qədər aşağı düşüb. O vaxtdan hərbi əməliyyatların bərpası və Yəməndə yerləşən husilərin Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus iki neft tankerinə bu yaxınlarda etdiyi hücum ilə “Brent” markalı neftin qiyməti 38 % artıb. Bu yaxınlarda Bab əl-Məndəb boğazından gündəlik təxminən 5 milyon barel xam neft və emal olunmuş məhsul daşınırdı ki, bunun da üçdə ikisi Səudiyyə Ərəbistanının xam nefti idi. Bu neftin böyük hissəsi Asiya bazarı üçün nəzərdə tutulmuşdu”.







