Azərbaycanın bank sektorunda konsolidasiya zəruridir, lakin risklər də yarada bilər.
Bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı təşkil edilmiş Dialoq və Əməkdaşlıq Forumunda deyib.
Onun sözlərinə görə, Fond bankların risklərini deyil, banklara münasibətdə öz risklərimizi idarə etməyə çalışır: “Bankların ümumi göstəriciləri əsasında hansı banklarda sığorta hadisəsinin baş verə biləcəyi qiymətləndirilir, müxtəlif risk ssenariləri hazırlanır. Bununla bağlı rüblük hesabatlarımız hazırlanır, illik hesabatlarda təqdim edilir və Himayəçilik Şurasında müzakirə olunur. Konsolidasiyanın həm müsbət, həm də mənfi tərəfləri var. İqtisadiyyatda hər hansı istiqamətdə aparılan tənzimləmə digər sahələrdə müsbət nəticələrlə yanaşı müəyyən risklər də yarada bilər”.
O hesab edir ki, konsolidasiya bazarın ümumi çağırışlarından, eləcə də nəzarət mexanizmlərinin formalaşması və daha mütərəqqi yanaşmaların tətbiqi zərurətindən irəli gəlir: “Sistem əhəmiyyətli bankların yükünün artması fonunda Fondun risklərinin yüksəlməsi ehtimalına gəlincə, bu, daha çox ayrı-ayrı banklarla deyil, ümumi makroiqtisadi göstəricilərlə bağlı məsələdir. Belə risklər yalnız ölkə iqtisadiyyatında ciddi pisləşmə baş verdiyi halda yarana bilər”.
A.Əmirov bildirib ki, hazırkı vəziyyətdə isə istər Fondun apardığı hesablamalar və analitik təhlillər, istərsə də Himayəçilik Şurası vasitəsilə əldə edilən məlumatlar yaxın gələcəkdə belə bir riskin mövcud olduğunu göstərmir: “Bununla belə, istənilən risk ssenarisinə hazır olmaq üçün təhlillərimizi davam etdiririk”.







