Neft qiymətləri bazar ertəsi ABŞ və İranın iki həftə davam edən qarşılıqlı hücumlardan sonra həftəsonu hərbi əməliyyatları dayandırması fonunda 4%-dən çox ucuzlaşıb. Banker.az xəbər verir ki, bu addım münaqişənin diplomatik yolla həlli və Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı ümidləri artırıb.
Londonun Brent markalı neftinin noyabr fyuçersləri Bakı vaxtı ilə 07:29-da 7% ətrafında ucuzlaşaraq bir bareli 85,82 dollara enib. Gün ərzində qiymət qısa müddətə texniki baxımdan mühüm dəstək səviyyəsi sayılan 90 dolların altına düşüb. Hazırda bir bareli 87 dollar ətrafında ticarət edilir
Brent nefti daha əvvəl Yaxın Şərqdə münaqişənin genişlənməsi və Hörmüz boğazı vasitəsilə neft daşımalarının azalması səbəbindən 100 dollar/barel həddinə qədər yüksəlmişdi. Münaqişə Qırmızı dənizə də yayılmış, nəticədə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanının Bab əl-Məndəb boğazı üzərindən Asiyaya ixracı da çətinləşmişdi.
ABŞ-ın BMT-dəki səfiri Mayk Uolts bildirib ki, Prezident Donald Tramp diplomatiyaya daha çox vaxt vermək məqsədilə ABŞ-ın hücumlarını müvəqqəti dayandırmaq qərarı verib.
Nüfuzlu bank ING analitikləri qeyd ediblər ki, ABŞ və İranın yeni hərbi əməliyyatlardan çəkinməsi bazarlara gərginliyin azala biləcəyinə dair ilk real siqnalları verib.
Bununla belə, Qlobal əmtəə analitikası şirkəti “Kpler” şirkətinin məlumatına görə, həftəsonu Hörmüz boğazından gündəlik keçən əmtəə gəmilərinin sayı 10-dan az olub.
MST Marquee analitiki Saul Kavonic hesab edir ki, Hörmüz boğazında daşımaların bərpası yavaş gedəcək, çünki gəmiçilik şirkətləri təhlükəsizliklə bağlı daha çox təminat gözləyirlər.
Eyni zamanda, Yəməndə husilərin Qırmızı dəniz sahilində Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumundan sonra Bab əl-Məndəb boğazı vasitəsilə gəmi hərəkəti də azalıb. Buna baxmayaraq, üçüncü Çin supertankeri həmin marşrutla boğazı tərk edə bilib.
Analitiklər bildirirlər ki, Yaxın Şərqdə davam edən nəqliyyat riskləri və Rusiya–Ukrayna müharibəsi səbəbindən neft tədarükündə problemlər qalacağı təqdirdə qiymətlər yenidən dəstək ala bilər.
UOB analitiklərinin fikrincə, münaqişənin Qırmızı dənizə yayılması və Ukraynanın Rusiyanın neft infrastrukturu və gəmilərinə zərbələri davamlı tədarük pozuntularına səbəb olarsa, neft qiymətlərini yüksək səviyyədə saxlaya və qlobal inflyasiya risklərini artıra bilər.
Ukrayna da həftəsonu Rusiyanın bir neçə neft obyektinə zərbələr endirdiyini açıqlayıb.







