600 milyard dollarlıq eksperiment: ABŞ-ın ən böyük pensiya fondu investisiya yanaşmasını necə dəyişir?

İyul ayından etibarən ABŞ-ın ən böyük pensiya fondunda Amerika maliyyə bazarının gələcəyinə təsir edə biləcək eksperiment başlayıb. Aktivlərinin həcmi 634 milyard dollar olan Kaliforniya Dövlət Qulluqçularının Pensiya Fondu (CalPERS) investisiya strategiyasını dəyişərək portfelin aktiv sinifləri üzrə sabit bölgüsü prinsipindən imtina edir. Bloomberg bu prosesin niyə ABŞ-da diqqətlə izlənildiyini və ona kimin rəhbərlik etdiyini araşdırıb.

“İnvestisiya sahəsində ən çətin vəzifə”

CalPERS-də investisiyalar üzrə direktorun (CIO) vəzifəsi yüksək nüfuzlu və gəlirli olsa da (hazırkı CIO ötən il 2,3 milyon dollar qazanıb), Financial Times bu postu “zəhərli qədəh” adlandırır. Buna səbəb rəhbərlik, həmkarlar ittifaqları və siyasətçilər arasında daimi fikir ayrılıqları, həmçinin səhvə demək olar ki, yer qoymayan böyük məsuliyyətdir.

2024-cü ilə qədər rəhbərlikdə tez-tez baş verən dəyişikliklər fonunda CalPERS hədəf gəlirliliyindən geri qalırdı. Son 10 ildə fond orta hesabla illik 6,2% gəlirlilik əldə etmişdi, halbuki məqsəd 6,8% idi. Fondun aktivləri mövcud və gələcək pensiya öhdəliklərinin yalnız 74%-ni qarşılayırdı. Müqayisə üçün, ABŞ üzrə orta göstərici 75-80% təşkil edir.

Lakin son iki ildə vəziyyət dəyişib. Yeni CIO, 64 yaşlı yeni zelandiyalı Stiven Gilmorun rəhbərliyi altında fond orta hesabla illik 13,19% gəlirlilik əldə edib və öhdəliklərin təminat səviyyəsini 85%-ə çatdırıb.

Münaqişə zonasından suveren fondlara

Stiven Gilmor Kraisçörç şəhərinin ətrafında krançı və evdar qadının ailəsində anadan olub. İqtisadiyyat üzrə ali təhsil aldıqdan sonra Yeni Zelandiya Mərkəzi Bankında, daha sonra isə Londonda Chase Manhattan Bank-da çalışıb.

1992-ci ildə o, Beynəlxalq Valyuta Fonduna (BVF) qoşulub və Tacikistana ezam olunub. Məqsəd vətəndaş müharibəsi və 2000%-lik inflyasiya ilə üzləşmiş ölkə iqtisadiyyatını sabitləşdirmək idi. Bir vaxtlar Gilmor öz ofisindən silahlı qrupların Düşənbəyə doğru irəliləyişini izləyirdi.

Sonrakı illərdə o, Morgan Stanley və sığorta nəhəngi AIG-də inkişaf etməkdə olan bazarlar üzrə ixtisaslaşıb. 2008-ci il maliyyə böhranından sonra isə Avstraliyanın Future Fund və daha sonra aktivləri 50 milyard dollar olan Yeni Zelandiya Superannuation Fund suveren fondunu idarə edib.

Onun rəhbərliyi dövründə Yeni Zelandiya fondu beş il ərzində orta hesabla illik 9,5% gəlirlilik göstərərək 50 suveren fond arasında dördüncü nəticəni əldə edib.

Məhz həmin dövrdə Gilmor ənənəvi Strategic Asset Allocation (SAA) yanaşması əvəzinə Total Portfolio Approach (TPA) modelindən istifadə edirdi. 2026-cı ilin iyulundan o, eyni yanaşmanı CalPERS-də tətbiq etməyə başlayıb və bu, onun CIO kimi əsas sınağı hesab olunur.

Yeni yanaşma

Ənənəvi olaraq ABŞ pensiya fondlarının portfeli səhmlər, istiqrazlar, alternativ investisiyalar və digər aktiv sinifləri arasında əvvəlcədən müəyyən edilmiş nisbətlər üzrə bölünür. Hər aktiv sinfi üzrə ayrıca komandalar fəaliyyət göstərir və öz benchmark-larını üstələməyə çalışırlar.

TPA isə tamamilə fərqli yanaşma təklif edir.

Bu modeldə bütün aktivlər hansı sinfə aid olmasından asılı olmayaraq bir-biri ilə rəqabət aparır. Əsas meyar onların ümumi portfelə riskə uyğunlaşdırılmış gəlirlilik baxımından verdiyi töhfə və fondun strateji məqsədlərinə uyğunluğudur.

CalPERS üçün bütün portfel üzrə yalnız bir etalon mövcuddur — 75% qlobal səhmlər və 25% istiqrazlardan ibarət istinad portfeli.

TPA-nın tətbiqi bütün aktivlər üzrə vahid risk qiymətləndirmə sisteminin yaradılmasını və real vaxt rejimində son dərəcə mürəkkəb hesablamaların aparılmasını tələb edir.

Bunun qarşılığında isə gəlirliliyin artması gözlənilir. Gilmor hesab edir ki, yeni yanaşma fonda hər il əlavə 0,5–0,6 faiz bəndi gəlirlilik qazandıra bilər.

Lakin uğur zəmanətli deyil. Məsələn, Sinqapurun suveren fondu da TPA modelini tətbiq etsə də, son 10 ildə gəlirlilik baxımından 50 analoji fond arasında yalnız 40-cı yeri tutub.

Əgər Gilmorun eksperimenti uğurlu olarsa, ABŞ-ın digər iri pensiya fondları da bu modeli tətbiq edə bilər.

TPA uzunmüddətli perspektivdə ənənəvi SAA modelindən orta hesabla illik 1,3 faiz bəndi daha yüksək gəlirlilik nümayiş etdirsə də, bu yanaşma fərdi investorlar üçün əlçatan deyil.

Hətta aktivləri 5 milyard dollardan az olan pensiya fondları belə bildirirlər ki, TPA sisteminin tətbiqi texnoloji və əməliyyat baxımından həddindən artıq baha başa gəlir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər