Bankların aktivləri 61 mlrd., xalis mənfəəti 716 mln. manata yüksəldi

2026-cı il iyunun 30-na Azərbaycanda fəaliyyət göstərən 22 bankın cəmi aktivləri 60,9 milyard manata çatıb.

Banker.az Azərbaycan Mərkəzi Bankının açıqladığı bülletenə istinadən xəbər verir ki, bank sektoruna dair açıqlanan göstəricilərə əsasən, iyunun sonuna bankların cəmi aktivləri 60 milyard 940,4 milyon manat, cəmi öhdəlikləri 53 milyard 294,8 milyon manat, balans kapitalı isə 7 milyard 645,6 milyon manat təşkil edib. İyun ayı ərzində bankların aktivləri 3%, öhdəlikləri 3,3%, balans kapitalı isə 1% artıb.

Hesabat dövründə bank sektorunun kredit portfeli 935,5 milyon manat və ya 3% artaraq 31 milyard 821,3 milyon manata yüksəlib. Kredit portfelinin 17 milyard 179,5 milyon manatı və ya 54%-i biznes kreditlərinin, 9 milyard 917,3 milyon manatı və ya 31,2%-i istehlak kreditlərinin, 4 milyard 724,5 milyon manatı və ya 14,8%-i isə ipoteka kreditlərinin payına düşüb.

Bankların öhdəliklərinin əsas hissəsini ənənəvi olaraq depozitlər formalaşdırıb. İyunun sonuna depozit portfeli 39 milyard 743,7 milyon manat olub ki, bu da ümumi öhdəliklərin 74,6%-ni təşkil edib. Depozitlərin 22 milyard 315,2 milyon manatı və ya 56,1%-i hüquqi şəxslərin, 17 milyard 428,5 milyon manatı və ya 43,9%-i fiziki şəxslərin payına düşüb.

Fiziki şəxslərin əmanətlərinin 12 milyard 476,1 milyon manatı və ya 71,6%-i milli valyutada, 4 milyard 952,4 milyon manatı və ya 28,4%-i xarici valyutada saxlanılıb. Əmanət portfelinin 11 milyard 344,8 milyon manatı və ya 65,1%-i müddətli əmanətlərdən ibarət olub. İyun ayında fiziki şəxslərin müddətli əmanətləri 129,6 milyon manat və ya 1,2% artıb.

İyun ayı ərzində bank sektorunda unikal müddətli əmanətçilərin sayı 4 485 nəfər və ya 2,1%, ilin əvvəlindən isə 26 475 nəfər və ya 13,6% artaraq 220,6 min nəfərə çatıb.

Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 895,6 milyon manat olmaqla, onların ümumi depozit portfelinin 75,7%-ni təşkil edib.

2026-cı ilin yanvar–iyun aylarında banklar 716,3 milyon manat xalis mənfəət, 1 milyard 86,5 milyon manat əməliyyat mənfəəti əldə ediblər. Eyni dövrdə bank sektoru dövlət büdcəsinə 171,1 milyon manat mənfəət vergisi ödəyib.

Bununla yanaşı, iyunun sonuna ölkədə fəaliyyət göstərən bankların filiallarının sayı 504, şöbələrinin sayı 83, ATM-lərin sayı isə 3 503 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 88 nəfər və ya 0,3% artaraq 27 462 nəfərə yüksəlib.

54mz 06 2026

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər