İlk yarımildə ödəniş kartlarının sayı 22,8 milyona çatıb, elektron ticarət 8.6 mlrd. manata çatıb

2026-cı ilin iyun ayının sonuna banklar və “Azərpoçt” MMC sistemləri üzrə dövriyyədə olan ödəniş kartlarının sayı illik müqayisədə 10,4% artaraq 22 milyon 798 min ədədə çatıb.

Banker.az Mərkəzi Bankın açıqladığı statistikaya istinadən xəbər verir ki, hesabat dövründə debet kartlarının sayı 12% artsa da, kredit kartlarının sayı 3,5% azalıb.

İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artıb. Təkcə 2026-cı ilin iyun ayında ödəniş kartları vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat təşkil edib.

Nağdsız ödənişlərin strukturunda ən böyük pay elektron ticarətin olub. Belə ki, ümumi məbləğin 8 milyard 575 milyon manatı elektron ticarət əməliyyatlarının payına düşüb. Bununla yanaşı, POS-terminallar vasitəsilə 1 milyard 325 milyon manat, özünəxidmət terminalları və bankomatlar vasitəsilə isə 2,5 milyon manat həcmində nağdsız ödəniş həyata keçirilib.

2026-cı ilin əvvəlindən etibarən ödəniş kartları ilə həyata keçirilən nağdsız ölkədaxili əməliyyatlar bütün ölkədaxili kart əməliyyatlarının 69,8%-ni təşkil edib.

Eyni zamanda, banklar və “Azərpoçt” MMC-nin ödəniş infrastrukturu genişlənməyə davam edib. Ötən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 4,4%, POS-terminalların sayı isə 16,9% artıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər