Samsung Electronics 2026-cı ilin ikinci rübündə əməliyyat mənfəətinin rekord həddə — 89,5 trilyon vona (təxminən 62 mlrd. dollar) çatdığını açıqlayıb. Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
“Şirkətin konsolidə edilmiş gəliri 171,5 trilyon von (təxminən 119 mlrd. dollar) təşkil edib ki, bu da tarixdə ən yüksək rüblük göstəricidir. Əməliyyat mənfəəti də rekord səviyyəyə yüksələrək 89,5 trilyon vona çatıb”, – şirkətin açıqlamasında bildirilir.
Müqayisə üçün, 2025-ci ilin ikinci rübündə Samsung-un əməliyyat mənfəəti 4,7 trilyon von olmuşdu. Beləliklə, 2026-cı ildə bu göstərici təxminən 19 dəfə artıb.
Yonhap agentliyinin məlumatına görə, şirkətin vergidən sonrakı xalis mənfəəti də illik müqayisədə təxminən 14 dəfə artaraq 5,1 trilyon vondan (3,5 mlrd. dollar) 71,6 trilyon vona (49,6 mlrd. dollar) yüksəlib.
Samsung Electronics hesab edir ki, süni intellekt sahəsindəki sürətli inkişaf fonunda yaddaş çiplərinə tələbat ilin ikinci yarısında da yüksək olaraq qalacaq.
Bundan əvvəl Cənubi Koreyanın digər çip istehsalçısı SK Hynix də 2026-cı ilin ikinci rübü üzrə rekord xalis mənfəət açıqlayıb. Şirkətin xalis mənfəəti 64,8 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,4 dəfə çoxdur.
Samsung Electronics və SK Hynix dünyada yaddaş mikrosxemlərinin ən böyük istehsalçıları hesab olunur.







