Şirkət futbol üzrə dünya çempionatı ilə bağlı marketinq tədbirlərinə 212 milyon avro xərcləyib
Adidas son rübdə gözləniləndən daha aşağı mənfəət əldə etdiyini açıqlayıb. Bloomberg yazır ki, futbol üzrə dünya çempionatı ilə əlaqədar şirkətin marketinq xərclərinin əhəmiyyətli dərəcədə artması ümumilikdə güclü olan rüblük nəticələrə mənfi təsir göstərib.
Bununla yanaşı, futbol turniri idman köynəklərinə və digər idman geyimlərinə tələbatı artırdıqdan sonra şirkət il üzrə satış proqnozunu yüksəldib. Adidas-ın məlumatına görə, valyuta məzənnələrinin dəyişməsindən asılı olmayan satışlar bu il 9–10% arta bilər. Bundan əvvəl şirkət yüksək təkrəqəmli faiz artımı proqnozlaşdırırdı.
Şirkət əməliyyat mənfəətinin 2,3 milyard avroya, yəni 2,6 milyard dollara çata biləcəyi ilə bağlı proqnozunu təsdiqləyib. Adidas, həmçinin yeni maliyyə direktorunun təyin olunduğunu açıqlayıb.
Şirkətin rüblük əməliyyat mənfəəti 574 milyon avro təşkil edib. Bu göstərici analitiklərin 616 milyon avroluq orta proqnozundan aşağı olub. Nəticəyə Adidas-ın cari rübdə futbol üzrə dünya çempionatı ilə bağlı marketinq tədbirlərinə əlavə 212 milyon avro xərcləməsi təsir göstərib.






