ABŞ Prezidenti Donald Tramp ən iri Amerika şirkətlərindən qeyri-kommersiya layihələri, o cümlədən Ağ Evdə bal zalının tikintisi üçün 800 milyon dollardan çox ianə toplayıb. Bu barədə mənbələrə istinadən The Wall Street Journal (WSJ) məlumat yayıb.
Məlumata görə, Amerika şirkətlərindən ianələrin toplanması ilə ABŞ prezidentinə məxsus Trump Media şirkətinin direktorlar şurasının üzvü Meredit O’Rurk məşğul olur.
WSJ-nin mənbələrinin bildirdiyinə görə, Trampın ikinci prezidentlik müddətinin əvvəlindən bəri SoftBank prezident kitabxanasına 50 milyon dollardan çox, Apple Ağ Evdə bal zalının tikintisi layihəsinə təxminən 25 milyon dollar, Microsoft və Amazon isə ABŞ liderinin layihələrinə hər biri təxminən 15 milyon dollar vəsait ayırıb.
Qəzet qeyd edir ki, Trampın layihələrinin əsas “donorlarından” biri də Meta-dır. Şirkət ABŞ prezidentinin layihələrinə on milyonlarla dollar ayırır. WSJ-nin hesablamalarına görə, Meta Trampın layihələrinə təxminən 60 milyon dollar vəsait yönəldə bilər. Eyni zamanda, şirkətin rəhbərliyi maliyyə strategiyasını mütəmadi olaraq ABŞ prezidentinin tələblərinə uyğun dəyişir.







