Rusiya Mərkəzi Bankı qızıl satışında dünyada birinci olub

Rusiya Mərkəzi Bankı 2026-cı ilin ikinci rübündə dünya mərkəzi bankları arasında ən böyük qızıl satıcısı olub. Bu barədə Ümumdünya Qızıl Şurasının (World Gold Council, WGC) hesabatında bildirilir.

Aprel–iyun aylarında Rusiya Mərkəzi Bankı qızıl ehtiyatlarını 22 ton azaldıb. Hesabata görə, Rusiya tənzimləyicisi ötən rübdə yeganə iri qızıl satıcısı olub. Digər ölkələrin mərkəzi bankları isə qızıl satışını əhəmiyyətli dərəcədə azaldıblar. Belə ki, Türkiyə Mərkəzi Bankı 4 ton, Almaniyanın mərkəzi bankı (Bundesbank) isə təxminən 1 ton qızıl satıb.

Qızıl alıcıları arasında Polşa Milli Bankı lider olub. Bank ikinci rübdə 51 ton qızıl alıb və iyunun sonuna onun qızıl ehtiyatları 632 tona çatıb.

İkinci yerdə Çin Xalq Bankı qərarlaşıb. Tənzimləyici 33 ton qızıl alaraq ehtiyatlarını 2 346 tona yüksəldib.

Digər iri alıcılar sırasında Özbəkistan (+16 ton), Qazaxıstan (+15 ton), İordaniya (+6 ton) və Çexiya (+6 ton) mərkəzi bankları yer alıb. Qana, Sinqapur, BƏƏ və Qırğızıstanın mərkəzi bankları da kiçik həcmdə qızıl alışı həyata keçiriblər.

WGC ikinci rübdə mərkəzi bankların qızıl alışını artırmasını geosiyasi gərginliyin yüksəlməsi və qızılın qiymətinin ucuzlaşması ilə əlaqələndirib. Şuranın fikrincə, davam edən qeyri-müəyyənlik və beynəlxalq valyuta ehtiyatlarının şaxələndirilməsi istəyi də qızıla tələbi dəstəkləyən əsas amillər olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər