Qlobal investorlar ABŞ dövlət istiqrazlarından uzaqlaşırlar

Bəzi qlobal istiqraz investorları ABŞ bazarından çıxaraq digər ölkələrin bazarlarına yönəlirlər. FED-in inflyasiyanı nəzarətdə saxlamaq qabiliyyətinə dair şübhələrin artması ABŞ dövlət istiqrazlarına, yəni trezərilərə təzyiqi gücləndirir. Tənzimləyici dünən keçirilən növbəti iclasında faiz dərəcəsini 3,5–3,75% səviyyəsində dəyişməz saxlayıb.

“FED-in iclası mövqeyimizi qəti şəkildə təsdiqlədi. ABŞ trezərilərinin ucuzlaşacağına hesablanan mövqelərimizi saxlamaqla yanaşı, onları artırmaq niyyətindəyik”, deyə Schroders-in Avstraliya bölməsində istiqrazlar üzrə rəhbər Kelli Vud bildirib.

1,1 trilyon dollarlıq aktivləri idarə edən Schroders Avstraliya, Avropa və Böyük Britaniya kimi bazarların dövlət istiqrazlarının alışını artırır. Şirkətin analitikləri hesab edirlər ki, bu ölkələrin mərkəzi bankları bazarların hazırda gözlədiyindən fərqli olaraq faiz dərəcələrini dəyişməz saxlamalıdırlar.

Bazarı nə narazı saldı?

FED sədri Kevin Uorş inflyasiyanı 2%-lik hədəfə qaytaracağını dəfələrlə vəd etsə də, tənzimləyici faiz dərəcələrini dəyişməyib. Bu zaman istehlak qiymətləri hələ də 3,5% sürətlə artır. Uorş inflyasiya ilə bağlı sərt ritorika nümayiş etdirsə də, FED tədbir görməyə tələsmir.

Qərardan sonra 30 illik ABŞ dövlət istiqrazlarının gəlirliliyi 2007-ci ildən bəri ən yüksək səviyyəyə qalxıb. Qısamüddətli istiqrazların gəlirliliyi isə azalıb, çünki treyderlər faiz dərəcəsinin yaxın zamanda artırılacağı ilə bağlı gözləntilərini zəiflədiblər.

Son üç ayda 30 illik ABŞ istiqrazlarının gəlirliliyi təxminən 27 baza bəndi yüksəlib. Müqayisə üçün, eyni müddətdə analoji Avstraliya istiqrazlarının gəlirliliyi cəmi 8 baza bəndi, Böyük Britaniya istiqrazlarının gəlirliliyi isə 4 baza bəndi artıb.

Analitiklər nə deyirlər?

Cenevrədə yerləşən Gama Asset Management şirkətinin qlobal makroportfel üzrə meneceri Raciv De Mello uzunmüddətli ABŞ trezərilərinə yatırımlarını azaltmaqla yanaşı, Avstraliya, Cənubi Koreya, Sinqapur və Norveç istiqrazlarındakı mövqelərini artırmağı planlaşdırır.

“Mərkəzi bankların daha aydın istiqamətdə hərəkət etdiyi çoxlu sayda başqa ölkə var. Onlar əvvəlki kommunikasiya siyasətinə və eyni pul siyasəti çərçivəsinə sadiq qalırlar, məlumatlara necə reaksiya verdiklərini isə başa düşmək mümkündür”, deyə De Mello bildirib.

BlackRock-un Asiya-Sakit okean regionu üzrə qlobal istiqrazlar bölməsinin rəhbəri Navin Sayqal hesab edir ki, investorlar gəlir mənbələrinin şaxələndirilməsinə diqqət yetirməlidirlər.

“Çin dövlət istiqrazları parçalanmış qlobal borc bazarında hələ də qoruyucu dayaq rolunu oynaya bilər”, deyə Sayqal yazıb. O, Avstraliya və Hindistan istiqrazlarını da perspektivli investisiya ideyaları sırasında göstərib.

Aberdeen Group-un baş portfel meneceri Cerom Teyin sözlərinə görə, Asiyanın bir çox bazarı ABŞ-la müqayisədə daha sabit inflyasiya, daha güclü büdcə mövqeyi və mərkəzi bankların daha aydın kommunikasiyası hesabına üstünlük qazanır.

Bundan əlavə, həmin ölkələrdə istiqraz gəlirlilikləri ABŞ faiz dərəcələri ilə getdikcə daha az sinxron hərəkət edir. Bu isə investorlara portfellərini şaxələndirmək üçün daha geniş imkanlar yaradır.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər