Hesablama Palatası Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) investisiya portfelində qızıl aktivlərinin payının əhəmiyyətli dərəcədə artması fonunda aktivlərin diversifikasiyasının qorunmasını tövsiyə edib.
Bu barədə Palatanın Fondun vəsaitlərinin formalaşdırılması və əsas istiqamətlər üzrə istifadəsinin auditinin nəticələrinə dair hesabatında bildirilib.
Sənədə əsasən, 2025-ci ilin sonunda Fondun investisiya portfelinin dəyəri 73,54 milyard ABŞ dollarına çatıb. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 13,51 milyard ABŞ dolları və yaxud 22,5 % çoxdur. Portfelin strukturunda qızıl aktivlərinin dəyəri 12,35 milyard ABŞ dollarından 28,06 milyard ABŞ dollarına yüksəlib. Beləliklə, qızıl aktivlərinin investisiya portfelində xüsusi çəkisi 38,2 %-ə çataraq ən böyük aktiv sinfinə çevrilib.
Palata investisiya portfelində qızıl aktivlərinin xüsusi çəkisinin qısa müddətdə əhəmiyyətli artaraq portfelin əsas aktiv sinfinə çevrilməsini nəzərə alaraq, aktivlərin diversifikasiyası prinsipinin qorunmasını, qızıl aktivləri üzrə konsentrasiya risklərinin qiymətləndirilməsini və strateji aktiv bölgüsünün mütəmadi yenidən nəzərdən keçirilməsini məqsədəuyğun hesab edib.







