Kulevi terminalı 2026-cı ildən Rusiyadan kənar xam neft emalına tam keçəcək

Gürcüstan ərazisindəki Kulevi Neft Terminalının operatoru olan “Black Sea Petroleum” şirkəti xam neft təchizatının diversifikasiyası yönündə işlərini davam etdirdiyini elan edib.

Kulevi Neft Emalı Zavodu artıq iyul ayında Qazaxıstan mənşəli xam neftin qəbulunu və emalını həyata keçirib, bu prosesin avqust ayında da davam etdirilməsi planlaşdırılır.

Məlumata görə, iyulun 1-də şirkət 2026-cı ilin avqust-sentyabr aylarından başlayaraq zavodun bütünlüklə Rusiya mənşəli olmayan xam neftin emalına keçəcəyini bəyan etmişdi.

Şirkətin açıqlamasına görə, iyulun 3-də beynəlxalq ticarət şirkəti ilə bağlanmış sazişə uyğun olaraq, Kulevi Neft Emalı Zavodu avqustun 20-30-u arasında Liviya mənşəli xam neft tədarük edəcək. Həmin müqavilə 2027-ci ilin sonunadək etibarlıdır və müddətinin uzadılması da nəzərdə tutulub.

Açıqlamada bildirilir ki, iyulun 24-də Avropa Komissiyası “Black Sea Petroleum” şirkətinin qurumla aktiv əməkdaşlıq apardığını təsdiq edib və altı aylıq keçid müddətinin məqsədinin Rusiya mənşəli xam neftin alternativ mənbələrlə əvəz edilməsi üçün şərait yaratmaq olduğunu ifadə edib.

Şirkət bildirib ki, xammalın diversifikasiyası planının icrasını davam etdirir, Avropa Komissiyası və digər müvafiq qurumlarla konstruktiv dialoq aparır, həyata keçirilən tədbirlərlə bağlı yoxlanıla bilən məlumatlar təqdim edir.

Açıqlamada həmçinin vurğulanıb ki, “Black Sea Petroleum” bütün mövcud qanunvericilik normalarına və tənzimləyici tələblərə riayət edərək fəaliyyət göstərir, daxili idarəetmə və nəzarət sistemlərini möhkəmləndirir, Gürcüstanın iqtisadi yüksəlişinə və enerji təhlükəsizliyinin gücləndirilməsinə dəstək verir.

Şirkətin məlumatına əsasən, görülən tədbirlər Kulevi Neft Emalı Zavodunun Rusiya xaricindəki xammal mənbələrinə maneəsiz keçidini və müəssisənin fasiləsiz, dayanıqlı işləməsini təmin etmək məqsədi daşıyır.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər