Ermənistan parlamentində hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı, Türkiyə ilə normallaşma üzrə keçmiş xüsusi nümayəndə Ruben Rubinyan İrəvan-Ankara münasibətlərinin normallaşdırılması prosesi ilə bağlı hesabat verib.
Müxalif deputat Kristine Vardanyan Rubinyana son beş ildə Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində əldə olunan nəticələri və 2022-ci ildə üçüncü ölkə vətəndaşları üçün sərhədin açılması barədə verilən vədin niyə hələ də reallaşmadığını soruşub.
Rubinyan bildirib ki, normallaşma prosesi çərçivəsində bir sıra razılaşmalar artıq icra olunub. Onun sözlərinə görə, İrəvan-İstanbul aviareysləri bərpa edilib, iki ölkə arasında birbaşa yükdaşımalar mümkün olub, birbaşa ticarət üçün gömrük maneələri aradan qaldırılıb.
O əlavə edib ki, Türkiyə ərazisi vasitəsilə Qars-Axalkalaki dəmir yolu ilə erməni sahibkarların yük daşımalarına imkan yaradılıb. Rubinyan bunu Ermənistan üçün mühüm iqtisadi dəyişiklik adlandırıb.
Deputatın sözlərinə görə, tərəflər həmçinin Ani tarixi körpüsünün birgə bərpası və Gümrü-Qars dəmir yolunun bərpası imkanlarını araşdırmaq üçün işçi qrupu yaradıblar. O bildirib ki, Türkiyə artıq dəmir yolunun öz ərazisində yerləşən hissəsində bərpa işlərinə başlayıb.
Rubinyan vurğulayıb ki, üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin açılması ilə bağlı razılaşma qüvvədə qalır. Onun sözlərinə görə, Ermənistan bu məqsədlə bütün infrastruktur hazırlıqlarını başa çatdırıb, Türkiyə də öz tərəfində işləri yekunlaşdırıb və hazırda razılaşmanın icrası gözlənilir.






