Kartdan-karta pul köçürmələrinə limit qoyulub.
Mərkəzi Bank və kommersiya bankları arasında əldə edilmiş razılığa əsasən, ölkədə kartla əməliyyatlara limitlər tətbiq edilib.
Məhdudiyyət həm kartdan-karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib.
Kartlara mədaxil və kartdan-karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Müştərinin öz kartları arasında həyata keçirilən əməliyyatlara isə limit yoxdur. Yeni qaydalara əsasən, ödəniş kartlarının və elektron cüzdanların sayına da limit qoyulur.
İqtisadç-ekspert Kənan Quluzadə hesab edir ki, kartdan-karta köçürmələrdə limitlərin tətbiqinin bir neçə səbəbi var. Bu limitlər ilk növbədə şəffaflığın artırılması və fırıldaq hallarının azaldılması məqsədi daşıyır. Digər tərəfdən, yeni qaydalar vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısını almağa xidmət edir.
Həmçinin, elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur. Qeyd edək ki, bu qərarla bağlı artıq banklar müştərilərə xəbərdarlıq da göndərməyə başlayıb.







