Bu ilin yanvar-iyun aylarında Azərbaycana turizm məqsədilə səfər etmiş 723 min 222 əcnəbi və vətəndaşlığı olmayan şəxsdən 657 min 596 nəfəri (90,9 %-i) ölkədə onlara göstərilən xidmətlərdən razı qalıb.
Banker.az “Report”a istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,6 % azdır.
Ən çox məmnunluq göstərən turistlər Rusiyadan gələnlər olub – 215 min 428 nəfər. Amma bu göstərici əvvəlki illə müqayisədə 0,2 % azdır.
Türkiyədən gələn məmnun turistlərin sayı 95 min 288 nəfər olub ki, bu da 1 il əvvələ nisbətən 6,1 % artım deməkdir.
Pakistandan gələn və xidmətlərdən razı qalan turistlərin sayı isə 26 min 2 nəfər təşkil edib ki, bu da illik müqayisədə 0,3 % azdır.
Bununla yanaşı, 65 min 626 nəfər turist xidmətlərdən narazı qaldığını bildirib. Bu da əvvəlki illə nisbətən 26,7 % azdır.
Narazı turistlərin ölkələr üzrə bölgüsünə baxdıqda, ilk sırada yenə də Rusiya yer alıb – 21 min 290 nəfər. Lakin bu göstərici də illik müqayisədə 14,1 % azalıb.
Narazı turistlər arasında Türkiyədən olanların sayı 27,1 % azalaraq 8 786 nəfər, Qazaxıstandan olanların sayı isə 26,3 % azalaraq 3 448 nəfər olub.
Azərbaycana gələn turistlər ən çox avtobusla sərnişindaşıma xidmətindən narazı qalıb. Bu xidmətlə bağlı 12 797 turist narazılığını qeyd edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,2 % azdır.
Metro ilə sərnişindaşıma xidmətindən narazı qalanların sayı isə 4 883 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 25,1 % azalma deməkdir.
Taksi xidmətindən narazı qalanların sayı isə 10 min 472 nəfər olub. Bu, 1 il əvvələ nisbətən 23,6 % azalıb.
Yerləşmə xidmətlərindən narazı qalanların sayı isə 5 248 nəfər təşkil edib ki, bu da illik müqayisədə 37 % azdır.
İctimai iaşə (qida) xidmətləri ilə bağlı narazılığını isə 13 min 939 nəfər bildirib. Bu da əvvəlki ilə nisbətən 8,8 % azalma deməkdir.
Turagent və turoperatorların xidmətləri ilə bağlı da narazılıq qeydə alınıb. Bu sahədən şikayət edənlərin sayı 62,4 % azalaraq 1 498 nəfərə düşüb.
Bələdçi xidmətlərindən narazı qalan turistlərin sayı isə 26,7 % azalaraq 6 803 nəfər olub. Digər xidmətlərdən narazı qalanlar isə 9 min 986 nəfər olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 % azdır.
Bu ilin I yarısında Azərbaycana 189 ölkədən 1 milyon 92,6 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 28,1 %-i Rusiya, 21 %-i Türkiyə, 8,2 %-i İran, 4,9 %-i Gürcüstan, 4,6 %-i Qazaxıstan, 3,2 %-i Özbəkistan, 2,9 %-i Pakistan, 2,8 %-i Hindistan, 2,6 %-i İsrail, 2,4 %-i Çin, 1,8 %-i Səudiyyə Ərəbistanı, 1,6 %-i Ukrayna, 1,3 %-i Türkmənistan, hər birindən 1,1 % olmaqla Almaniya və Böyük Britaniya, 12,4 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, 68,7 %-ni kişilər, 31,3 %-ni qadınlar təşkil edib.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 9,3 % artaraq 54,4 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 % artaraq 430,4 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 31,4 % azalaraq 127,7 min nəfər, digər ölkələrdən gələnlərin sayı 14,1 % azalaraq 480,1 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,1 %-i hava, 27,5 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.







