Xüsusilə açıq havada fəaliyyət göstərən sahələrə mənfi təsir göstərən yüksək temperaturun ümumi iqtisadi zərərinin 800 milyard avroya çata biləcəyi bildirilir.
Banker.az bu barədə “EUobserver” portalına istinadən xəbər verir.
Məlumata görə, Avropa Ətraf Mühit Agentliyinin (EEA) iqlim dəyişikliyinə uyğunlaşma üzrə eksperti Hans Martin Fyüssel həddindən artıq istilərin həm insanların sağlamlığı, həm də Avropa iqtisadiyyatı üçün ciddi təhlükə yaratdığını bildirib.
Onun sözlərinə görə, isti hava dalğaları makroiqtisadi göstəricilərə və dövlət büdcələrinə əhəmiyyətli mənfi təsir göstərə bilər.
“Allianz” sığorta şirkətinin təhlilinə əsasən, ekstremal istilərdən ən böyük iqtisadi itkilər Fransada qeydə alına bilər. Burada risk altında olan iqtisadi fəaliyyətin həcmi təxminən 240 milyard avro qiymətləndirilir.
Bundan əlavə, İtaliya, İspaniya və Almaniya da yüksək temperatur səbəbindən ciddi iqtisadi itkilərlə üzləşə biləcək ölkələr sırasında göstərilir.







