2026-cı ilin ilk yarısında qlobal insanabənzər robot tədarükünün təxminən 97%-ni Çin şirkətləri həyata keçirib. Bloomberg bu barədə Smart Analytics Global-ın məlumatlarına istinadən yazır.
İlin ilk altı ayında dünyada 19 mindən bir qədər çox insanabənzər robot tədarük edilib. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınan 5100 ədədlə müqayisədə 272% çoxdur. 2025-ci ildə Çin şirkətlərinin qlobal tədarükdə hansı paya malik olduğu açıqlanmayıb.
Bazarın lideri Şanxayda yerləşən Agibot şirkəti olub. Şirkət təxminən 8400 insanabənzər robot tədarük edərək dünya bazarının 44%-ni ələ keçirib.
İkinci yerdə Unitree qərarlaşıb. Şirkət 5900 robot tədarük edib və qlobal bazarın 31%-nə sahib olub.
Smart Analytics Global gözləyir ki, 2026-cı ilin yekununda dünyada insanabənzər robotların tədarükü təxminən 60 min ədədə çatacaq. 2030-cu ilə qədər isə bu göstəricinin 500 min ədədə yüksələcəyi proqnozlaşdırılır.
2026-cı ilin ilk yarısında sənaye məqsədləri üçün istifadə olunan robotlar ümumi tədarükün 70%-dən çoxunu təşkil edib. Bir il əvvəl bu göstərici təxminən 50% idi.
Bloomberg qeyd edir ki, Çində sektorun sürətli inkişafını dövlət maliyyələşdirməsi və robototexnika sahəsinin inkişafına yönəlmiş proqramlar dəstəkləyir.
2026-cı ilin iyulunda ABŞ hakimiyyəti xaricdə istehsal olunan yeni insanabənzər və dördayaqlı robot modellərinin idxalına qadağa qoyub. Məhdudiyyətlər ilk növbədə Çin istehsalçılarına təsir edib.






