GameStop eBay-i 56 milyard dollara almaq təklifini geri götürə və tərəfdaşlığa üstünlük verə bilər

ABŞ-nin videooyun mağazaları şəbəkəsi GameStop-un baş direktoru Rayan Koen eBay-i satın almaq əvəzinə şirkətə tərəfdaşlıq və ya birgə müəssisə yaratmağı təklif etmək imkanını nəzərdən keçirir. Bloomberg bu barədə məsələ ilə tanış mənbələrə istinadən yazır.

Mümkün tərəfdaşlıq çərçivəsində eBay GameStop-un ABŞ-dəki təxminən 1600 pərakəndə mağazasından istifadə edə bilər. Mənbələrin sözlərinə görə, bu addım hər iki şirkətə kolleksiya kartları və digər kolleksiya məhsulları kimi yüksək rentabelli kateqoriyalarda bazar payını artırmağa kömək edə bilər.

Bloomberg-in həmsöhbətləri bildiriblər ki, istənilən tərəfdaşlıq formatında GameStop eBay-in Direktorlar Şurasında yer almağa çalışacaq. GameStop 2026-cı ilin iyul ayının ortalarına olan məlumata görə, eBay-in 9,75%-lik payına sahib olmaqla şirkətin ən böyük səhmdarlarından biridir. Bununla belə, GameStop hələ yekun qərar verməyib.

GameStop 2026-cı ilin mayında eBay-i 56 milyard dollara almağı təklif etmişdi. Rayan Koen həmin vaxt platformanı “Amazon-un ciddi rəqibinə” çevirmək niyyətində olduğunu bildirmişdi. Sövdələşmənin nağd vəsait və səhmlərlə maliyyələşdirilməsi planlaşdırılırdı.

eBay isə təklifi rədd etmiş və onun “etimad doğurmadığını” bildirmişdi. Şirkət sövdələşmənin maliyyə baxımından həyata keçirilə biləcəyinə şübhə ilə yanaşmış, həmçinin mümkün maliyyə və əməliyyat risklərinə diqqət çəkmişdi.

Bloomberg yazır ki, həmin vaxtdan etibarən GameStop səhmləri 28% ucuzlaşıb, eBay səhmləri isə 7,6% bahalaşıb.

2026-cı il avqustun 10-da Bakı vaxtı ilə təxminən 22:13-də GameStop səhmləri 0,73% azalaraq 19,02 dollara düşüb. Şirkətin bazar kapitallaşması 8,53 milyard dollar təşkil edib. eBay səhmləri isə 2,63% ucuzlaşaraq 109,03 dollardan ticarət olunub, şirkətin bazar dəyəri təxminən 48,52 milyard dollar olub.

Reuters iyunda yazmışdı ki, Rayan Koen “əməliyyat nəticələrinə və eBay-in satın alınması planlarına fokuslanmaq” üçün potensial 35 milyard dollarlıq mükafat paketindən imtina edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər