Archer Aviation Boeing-in üç törəmə şirkətini satın alacaq. Bunlara pilotsuz aerotaksilər hazırlayan Wisk Aero, hava hərəkətinin idarə olunması xidmətləri üzrə SkyGrid və dron istehsalçısı Insitu daxildir.
Sövdələşmə çərçivəsində Boeing və Archer əməkdaşlıq və texnologiya mübadiləsi barədə də razılığa gəliblər. Reuters-in məlumatına görə, Boeing Archer-in A sinif səhmlərinin ümumi sayının 19,75%-nə bərabər pay əldə edəcək və startapın Direktorlar Şurasına bir üzv təyin etmək hüququ qazanacaq. The New York Times dəqiqləşdirir ki, nəticədə Boeing-in Archer-də faktiki payı 16,5% təşkil edəcək.
Xəbərdən sonra Archer Aviation səhmləri 20%-dək bahalaşıb. CNBC-nin məlumatına görə, avqustun 10-da Bakı vaxtı ilə saat 21:00-a yaxın səhmlər 10% artaraq 6,1 dollardan ticarət olunub. Şirkətin bazar kapitallaşması 4,68 milyard dollar təşkil edib.
Reuters qeyd edir ki, sövdələşmə Boeing-in aktiv portfelini optimallaşdırmaq və kommersiya və hərbi aviasiyadakı əsas biznes istiqamətlərinə fokuslanmaq üçün atdığı növbəti addımdır. The Verge isə bildirir ki, bu satınalma Archer-ə elektrik aerotaksiləri bazarında mövqelərini gücləndirməyə imkan verəcək.
Archer 2026-cı ilin sonunadək Nyu-York, Texas və Floridada pilot aerotaksi xidmətini işə salmağı planlaşdırır. Şirkət eyni zamanda hərbi istiqamətdə də layihələr həyata keçirir.
Wisk 2019-cu ildə Boeing və Google-un həmtəsisçisi Larri Peycin Kitty Hawk startapının birgə müəssisəsi kimi yaradılıb. Kitty Hawk layihəsi 2022-ci ildə fəaliyyətini dayandırdığını açıqlayıb.







